"Ermənistanın xəndəklər qazması, müəyyən hazırlıqlar görməsi adi haldır"- Hərbi ekspert

"Ermənistanın xəndəklər qazması, müəyyən hazırlıqlar görməsi adi haldır"- Hərbi ekspert
28 Yan 2025 13:36

"Ermənistan ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan çox ağır zərbələr alıb və buna görə də ordunun döyüş qabiliyyəti olduqca zəifləyib."

Hərbi ekspert Üzeyir Cəfərov bunu News365.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistanın döyüş hazırlığını artırmaq üçün xəndəklərin qazılması və müəyyən işlərin görülməsi də məhz bu zəifliyin göstəricisidir.

"Bu addımlar döyüş hazırlığı planına uyğun şəkildə həyata keçirilir. Lakin hesab edirəm ki, Azərbaycan tərəfi bu vəziyyətdən narahat olmamalıdır. Çünki Ermənistan ordusunun döyüş imkanları Azərbaycanla müqayisədə çox aşağıdır.

Bugün Ermənistan ordusunun rəhbərliyindən verilən açıqlamalarda, onların sülhə və demokratiyaya kökləndikləri vurğulanır. Bu da göstərir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin və ordumuzun gücünü yaxşı anlayır. Müharibədən keçən son dörd ildə Azərbaycan Ordusu yeni silahlar əldə edib, döyüş imkanlarını daha da genişləndirib və həm beynəlxalq, həm də daxili təlimləri planlı şəkildə davam etdirib.

Ermənistanın hazırda öz ərazisində xəndəklər qazması və müəyyən hazırlıqlar görməsi adi bir haldır. Belə hallar əvvəllər də olub, gələcəkdə də davam edəcək. Buna görə də, Azərbaycan tərəfinin bu cür addımlardan narahatlıq keçirməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, hər bir ordunun əsas təyinatı döyüşə həmişə hazır olmaqdır və Ermənistan da məhz bu səbəbdən bəzi işlər görür. Lakin bu hazırlıqların Azərbaycanın hərbi üstünlüyü qarşısında əhəmiyyətsiz olduğunu Ermənistanın özü də yaxşı bilir."

News365.az