Ermənistanda seçkilər öncəsi siyasi gərginlik artır

Ermənistanda seçkilər öncəsi siyasi gərginlik artır
11:21

Ermənistanda yaxınlaşan seçkilər ölkənin daxili siyasi mühitini daha da gərginləşdirib. Müxtəlif siyasi qüvvələr arasında rəqabətin artması, regionda maraqları olan xarici aktorların proseslərə təsiri və seçkidən sonrakı mümkün ssenarilər ciddi müzakirə mövzusuna çevrilib.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçiriləcək seçkilər ətrafında siyasi vəziyyət kifayət qədər gərgindir və proseslərin nəticələri region üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, aparılan sorğulara əsasən, hazırda seçkilərin əsas favoriti baş nazir Nikol Paşinyan və onun siyasi komandasıdır. Ekspert hesab edir ki, bu seçkilər Paşinyanın qələbəsi ilə yadda qala bilər.

Politoloq iddia edib ki, Rusiya tərəfi Ermənistanda proseslərin sakit şəkildə başa çatmasında maraqlı deyil və seçkilərdən sonra ölkədə siyasi gərginliyin artmasına səbəb ola biləcək vəziyyətin yaranmasını hədəfləyir.

Taleh Əliyev əlavə edib ki, bəzi Qərb ekspertləri də seçkilərdən sonra Ermənistanda daxili qarşıdurma və siyasi böhran ehtimalı ilə bağlı proqnozlar səsləndirirlər.

Onun fikrincə, Ermənistan daxilində müxtəlif siyasi qüvvələr arasında qarşıdurma riski qalmaqda davam edir və təhlükəsizlik strukturlarının fəaliyyəti də bu kontekstdə müzakirə mövzusuna çevrilib.

Politoloq bildirib ki, Paşinyan hökuməti ölkə daxilində sabitliyi qorumaq məqsədilə sərt addımlar atmağa məcbur qalır və bu proses seçki öncəsi siyasi mübarizəni daha da kəskinləşdirir.


Sizin reklam burada
Sizin reklam burada