Ermənistanda keçirilən parlament seçkilərində seçki bülletenlərinin 100 faizi hesablanıb. Nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz səs toplayaraq qalib gəlib.
News365.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, seçkilərin nəticələri Paşinyanın qələbəsini təsdiqləsə də, onun qarşıdakı siyasi hədəflərinə çatmasını tam təmin etmir.

Onun sözlərinə görə, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq. Mandatlar “Vətəndaş Müqaviləsi” Partiyasına 64, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasına 29, Robert Köçəryanın “Ermənistan” blokuna isə 12 mandat verəcək.
Politoloq qeyd edib ki, Paşinyan bu nəticə ilə təkbaşına hökumət formalaşdırmaq və adi qanunları qəbul etmək imkanını əldə edir. Lakin Karapetyan və Köçəryan qüvvələrinin birgə hərəkət etməsi parlamentdə güclü müxalif platformanın yaranmasına səbəb ola bilər.
T.Rzayevin fikrincə, bu vəziyyət xüsusilə Konstitusiya dəyişikliyi, Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma proseslərində hakimiyyət üçün əlavə çətinliklər yarada bilər.
“Rəsmi Bakı sülh sazişinin imzalanması kontekstində Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların dəyişdirilməsini vacib şərt kimi görür. Eyni zamanda, müxalifətin vahid mövqe sərgiləməsi Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə təzyqləri artıra bilər”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, Avropa İttifaqı və ABŞ ilə münasibətlərin inkişafı, eləcə də Rusiyanın təsir dairəsindən uzaqlaşma məsələlərində də Paşinyan ciddi müqavimətlə üzləşə bilər.
Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas sual Samvel Karapetyan və Robert Köçəryanın ortaq siyasi xətt formalaşdırıb-formalaşdırmayacağıdır.
“Əgər onlar hakimiyyətə qarşı sərt mübarizə xətti seçsələr, Paşinyan hüquqi mexanizmlərdən istifadə edə, hətta rəqiblərinə qarşı müxtəlif ittihamlar əsasında təzyiq göstərə bilər. Əks halda, hakimiyyət müxalifət daxilindəki fikir ayrılıqlarından yararlanaraq onların vahid cəbhədə birləşməsinin qarşısını almağa çalışacaq”, – deyə T.Rzayev vurğulayıb.