Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.
News365.az xəbər verir ki, bu barədə Əfqanıstanın "Tolo News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Sərhədçilər arasında qarşıdurma Nanqarhar əyalətinin Nazyan rayonunda, Dürand xətti yaxınlığında qeydə alınıb. "Sinxua" agentliyinin məlumatına görə, hazırda sərhəddə vəziyyət sabitləşib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.
Fevralın 22-də Pakistanın İnformasiya Nazirliyi ölkə hərbçilərinin "Təhrik-i-Taliban Pakistan" və "İslam Dövləti - Xorasan vilayəti" qruplaşmalarının Əfqanıstandakı mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, əməliyyat Pakistanda baş vermiş son terror aktlarına, o cümlədən İslamabaddakı məsciddə törədilən partlayışa cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti isə Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin öldüyünü iddia edərək bunu "təxribat aktı" adlandırıb və ərazi bütövlüyünün pozulmasına cavab vermək hüququnu özündə saxladığını bəyan edib.
Qeyd edək ki, Dürand xətti üzrə sərhəd mübahisəsi 1893-cü ildən davam edir və tərəflər arasında dəfələrlə silahlı insidentlərə səbəb olub.