ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərq və Avropadakı aviabazalarına 150-dən çox döyüş təyyarəsi yerləşdirib.
News365.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti aviasiya məlumatlarına və peyk görüntülərinə istinadən məlumat yayıb.
Nəşr ABŞ-nin bölgədəki hazırkı qüvvələrinin miqyasını 2003-cü il İraq müharibəsindən bəri ən böyük hərbi mövcudluq adlandırıb. Bu artım ABŞ Prezidenti Donald Trampın İranla nüvə proqramını məhdudlaşdırmaq üçün razılıq əldə olunmayacağı təqdirdə İslam Respublikasına hücum hədələlərindən sonra baş verib.
Qeyd edilir ki, İran rəsmiləri razılaşmanın mümkün olduğunu, lakin bunun vaxt aparacağını bildiriblər.
Hadisələri təhlil edən mütəxəssislər bölgədə yerləşdirilən qüvvələrin İrana qarşı çoxgünlük hücum planlarından xəbər verdiyi vurğulayırlar.
Qəzet qeyd edir ki, fevralın 23-də Krit adasında lövbər salan "USS Gerald R.Ford" aviadaşıyıcı gəmisində onlarla əlavə təyyarə var.
Nəşrin məlumatına görə, bu, Yaxın Şərqə yerləşdirilən ikinci aviadaşıyıcı gəmidir. Bu isə o deməkdir ki, bütün aktiv ABŞ gəmilərinin təxminən üçdə biri hazırda sözügedən regiondadır.