Ölkədə demoqrafik vəziyyət və doğuş sayının azalması son illər ciddi müzakirə olunan sosial-iqtisadi məsələlərdən birinə çevrilib. Ekspertlər bu tendensiyanın səbəblərini iqtisadi çətinliklər, miqrasiya, ailə qurma yaşının artması və sosial təminat sistemindəki problemlərlə əlaqələndirirlər. Məsələnin yaratdığı fəsadlar və çıxış yolları isə cəmiyyət və dövlət üçün mühüm müzakirə mövzusudur.
Bu istiqamətdə Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli News365.az-a açıqlama verib.
Ekspert bildirib ki, doğuş sayının azalması bir neçə kompleks amillə bağlıdır və bu prosesə ən çox təsir edən faktor iqtisadi çətinliklərdir.
“Gənclərin böyük əksəriyyəti işlə təminat sahəsində ciddi problemlərlə üzləşir. Hətta ali təhsilli gənclərin də böyük hissəsi minimum əməkhaqqına yaxın maaşla işləməyə məcbur olur. Bu da ailə qurmaq və uşaq sahibi olmaq qərarlarına birbaşa təsir göstərir”, – deyə İlqar Hüseynli bildirib.
Onun sözlərinə görə, miqrasiya da əsas səbəblərdən biridir. İşsizlik və sosial perspektivlərin zəifliyi gəncləri ölkəni tərk etməyə vadar edir ki, bu da evliliklərin və doğumların azalmasına gətirib çıxarır.
Ekspert qeyd edib ki, ailə qurma yaşının artması da demoqrafik göstəricilərə təsir edir:
“Əvvəllər 21–26 yaş arası ailə quran gənclərin sayı çox idisə, indi bu göstərici 30 yaşdan sonraya keçir. Gənclər daha çox karyera və maddi sabitlik qurmağa üstünlük verirlər.”
İlqar Hüseynli sosial problemlərin və qeyri-müəyyən gələcək perspektivlərinin də mühüm faktor olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaq müavinətləri və sosial təminat sisteminin zəifliyi ailə planlamasında ciddi çətinliklər yaradır.
“Gənclər gələcəkdə ailəni dolandıra bilməyəcəklərindən ehtiyat edirlər. Mənzil qiymətlərinin yüksək olması bu narahatlığı daha da artırır”, – deyə ekspert əlavə edib.
O bildirib ki, erkən boşanmaların artması da doğum göstəricilərinə mənfi təsir göstərir:
“Hazırda evlilik və boşanma nisbətləri demək olar ki, bərabərləşib. Bu da ailə institutunun zəifləməsinə gətirib çıxarır.”
Ekspertin sözlərinə görə, bu proses ölkədə əhalinin yaş strukturuna da təsir edir və demoqrafik balansı pozur:
“Əhali tədricən qocalır, gənc əhali azalır. Bu isə gələcəkdə işçi qüvvəsi və pensiya sistemi üçün ciddi risklər yaradır.”
İlqar Hüseynli qeyd edib ki, xüsusilə yüksək ixtisaslı kadrların ölkəni tərk etməsi vəziyyəti daha da ağırlaşdırır.
Həll yollarına toxunan ekspert bildirib ki, dövlət səviyyəsində kompleks islahatlar həyata keçirilməlidir. Onun sözlərinə görə, yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, gənclərin kredit və mənzil imkanlarına çıxışının genişləndirilməsi vacibdir.
“Gənclər üçün əlçatan mənzil siyasəti formalaşdırılmalı, qiymətlərə nəzarət gücləndirilməlidir. Əks halda ailə qurma və doğuş göstəriciləri daha da azalacaq”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, regionların inkişafı, sosial proqramların effektiv icrası və korrupsiyaya qarşı ciddi mübarizə də demoqrafik problemlərin həllində mühüm rol oynayır.