Qocalma prosesini tamamilə dayandırmaq mümkün olsaydı belə, insan orqanizmi əbədi yaşamaq gücünə malik deyil. Rusiyalı alimlərin apardığı yeni elmi tədqiqat insan ömrünün bioloji sərhədlərini ortaya çıxarıb.
News365.az xəbər verir ki, mütəxəssislərin hazırladığı riyazi modelə əsasən, insan ömrünün nəzəri yuxarı həddi 146 ilə 194 il arasında dəyişir.
Tədqiqatçılar yaşlanma ilə bağlı bütün xəstəliklərin tamamilə aradan qaldırıldığı ideal bir nəzəri ssenarini modelləşdiriblər. Lakin bəlli olub ki, hətta tam sağlam orqanizmdə də hüceyrələrdə təsadüfi somatik DNT mutasiyalarının toplanması qaçılmazdır. Zaman keçdikcə bu pozuntular hüceyrələrin normal fəaliyyətini sıradan çıxarır.
Araşdırmada orqanizmin müxtəlif toxumalarının fərqli reaksiya verdiyi vurğulanır:
Beyin və ürək: Bu organların hüceyrələri özünü yeniləmək qabiliyyətinə demək olar ki, malik olmadığı üçün mutasiyalar illərlə toplanır və funksiyalarını tədricən itirir.
Dəri və qaraciyər: Bu toxumalar hüceyrələrini davamlı yeniləyə bildiyindən yaranan zədələrin bir hissəsini kompensasiya edə bilir.
Alimlər xüsusi olaraq qeyd edirlər ki, bu hesablamalar insanların gələcəkdə mütləq 150-190 il yaşayacağı anlamına gəlmir. Tədqiqat sadəcə DNT mutasiyalarının insan ömrünü hansı həddə qədər məhdudlaşdıra bildiyini göstərir.
Xatırladaq ki, rəsmi olaraq elmi şəkildə təsdiqlənmiş ən uzun insan ömrü 122 il 164 gün (Janna Kalman) olub. Bu da nəzəri modellərlə real həyat arasındakı məsafənin hələ də böyük olduğunu göstərir.