Düyü bahalaşacaq - BU TARİXDƏN

Düyü bahalaşacaq - BU TARİXDƏN
09:18

Dünya bazarlarında düyü fyuçersləri bir sentner (təxminən 45,36 kiloqram) üçün 11 ABŞ dollarından bir qədər yuxarı səviyyədə ticarət olunur. Bu göstərici 2025-ci ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə yaxındır.

Hesablamaya əsasən, 1 kiloqram düyünün birja qiyməti təxminən 0,24 ABŞ dolları təşkil edir. Bu isə 1 ton (1000 kq) üçün təqribən 242–243 ABŞ dollarına bərabərdir.

Qiymət artımı Asiya və Afrika ölkələrində davamlı tələbatla əlaqələndirilir.

Həmin regionlarda düyü əsas ərzaq məhsullarından biri hesab olunur və sabit istehlak səviyyəsi bazara dəstək verir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) fevral ayı üzrə açıqladığı WASDE hesabatına görə, 2025-2026 mövsümündə ABŞ üzrə düyü balansında təklifin azalacağı, daxili istehlakın sabit qalacağı, ixracın azalacağı və yekun ehtiyatların artacağı proqnozlaşdırılır.

Qlobal bazarda isə əvvəlki ayla müqayisədə dəyişikliklər məhduddur. Ümumi təklif 0,2 milyon ton artaraq 732,6 milyon tona yüksəlib. Artım əsasən Kambocada istehsalın çoxalması ilə bağlıdır. Eyni zamanda, dünya üzrə istehlak və ticarət həcmlərinin bir qədər azalacağı, yekun ehtiyatların isə artacağı gözlənilir.

Analitiklərin fikrincə, qlobal təklifdə artım olsa da, əsas istehlakçı regionlarda sabit tələbat qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olur.

Sözügedən vəziyyət ölkəmizdə düyünün qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, düyünün bahalaşacağı ilə bağlı yayılan xəbərlər tam şəkildə əsassız deyil:

 “Amma hazırkı vəziyyətə görə kəskin və uzunmüddətli artım gözləntisi də yoxdur. Dünya bazarında düyü qiymətləri dövri olaraq dəyişir və bu dəyişikliklər əsasən təklif-tələb balansı, məhsul yığımı, ixrac məhdudiyyətləri və logistika xərcləri ilə bağlı olur. Son aylarda qlobal bazarda ciddi və davamlı sıçrayış müşahidə olunmayıb, bəzi dövrlərdə isə qiymətlər sabit və ya bir qədər aşağı olub.

Bununla belə, idxaldan asılılıq, nəqliyyat xərcləri və valyuta amilləri yerli bazarda qiymətə təsir göstərə bilər. Burda psixoloji amillər də var. Ona görə də yaxın zamanda düyünün qiymətində artım müşahidə edə bilərik. Bu qiymət artımı ən azından yeni mövsümə qədər davam edəcək. Qiymətlərin istiqaməti daha çox qlobal bazardakı vəziyyətdən və daxili iqtisadi şərtlərdən asılı olacaq”.



Sizin reklam burada
Sizin reklam burada