Səudiyyə Ərəbistanı Yəməndə husi qruplaşmasına qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşır. Beynəlxalq mediada yer alan məlumatlara görə, bu əməliyyat yalnız dəniz və hava zərbələri ilə məhdudlaşmayacaq, həm də Yəmənin mərkəzi hissəsinə tammiqyaslı quru hücumunu əhatə edə bilər. Qırmızı dənizdəki neft tədarükünə və beynəlxalq gəmiçiliyə təhlükə yaradan husilərə karşı bu addımın atılması bölgədəki güclər nisbətini dəyişə bilər.
Məsələ ilə bağlı politoloq Turan Rzayev News365.az-a öz özəl şərhini verib.

Turan Rzayev bildirib ki, Ər-Riyad rəhbərliyi üçün bu əməliyyat strateji zərurətə çevrilib:
““Quardian” nəşri məlumat yayıb ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Əməliyyatın təkcə dəniz və hava zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində tammiqyaslı quru hücumunu əhatə edə biləcəyi bildirilir. Məlumata görə, Ər-Riyad hakimiyyəti müharibənin yenidən başlanmasını Qırmızı dənizin cənub hissəsi vasitəsilə həyata keçirilən neft tədarüklərinə təzyiqi azaltmağın yolu kimi nəzərdən keçirir”.
Politoloq vurğulayıb ki, husilərə karşı əməliyyat keçiriləcəyi gözlənilən idi:
“Rəsmi Ər-Riyadın husilərə qarşı əməliyyat keçirəcəyi bəlli idi. Belə ki, Tehranın Hörmüz boğazını bağlayaraq beynəlxalq ticarətə mane olmaq cəhdi fonunda husilər də iyulun 20-də Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı blokada elan ediblər. Eyni zamanda, husilərin bütün gəmilərdən keçid haqqı alacağına dair iddialar var. Düzdür, husilər bunu inkar etsələr də, etmələri də istisna deyil”.
Bölgədəki mövcud situasiyanı təhlil edən эксперт husilərə qarşı addım atmağın vaxtının çatdığını qeyd edib:
“Husi təhdidinin aradan qaldırılması uzun illərdir gecikir. Bu gecikmə husilərin həm nüfuzunun artmasına, həm də müəyyən dairələr tərəfindən dəstəklənərək güclənməsinə gətirib çıxarıb. Lakin hazırda vəziyyət fərqlidir. İrana qarşı davam edən əməliyyatlar Tehranın husilərə yardımlarının azalmasına səbəb olub. Bundan başqa, husilərin artıq beynəlxalq ticarəti təhdid etməsi bu qruplaşmaya qarşı adekvat tədbirlərin görülməsini zəruri edir”.
Əməliyyatın hüquqi və hərbi tərəflərinə toxunan T. Rzayev Yəmən hökumətinin də bu prosesdə maraqlı olduğunu bildirib:
“Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyat keçirməsi qanunsuz sayılmır. Yəmən mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mümkün əməliyyatda istifadə etmək məqsədilə ölkənin şərq hissəsində, Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin nəzarətində olan ərazilərdən bəzi hərbi bölmələri geri çəkməyə başlayıb. Bu, Yəmən hökumətinin də bu əməliyyatda maraqlı olduğunu göstərir. Əslində bir neçə gündür ki, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin ordusu ölkənin şimalında husilərin hərbi mövqelərinə hücumlar edib. Yəmənin hökumətyönlü dövlət televiziya kanalı da bir sıra bölgələrdə husilərin mövqelərinin hava hücumlarına məruz qaldığını bildirib. Hava zərbələri Səədə və Marib əyalətlərindəki Əl-Cuba, Əl-Safra və Məczar bölgələrində cəmləşən husilərin və əlavə qüvvələrin mövqelərini hədəfə alıb”.
Politoloq beynəlxalq dəstək məsələsinə və bu əməliyyatın mümkün nəticələrinə diqqət çəkərək fikrini belə yekunlaşdırıb:
“İndiki məqamda əsas məsələ Səudiyyə Ərəbistanının əməliyyatlarına beynəlxalq dəstəyin olub-olmayacağıdır. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb. Bundan əlavə, Ər-Riyad ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya kimi bir sıra Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb. Husilərin boğaz üzərində yaratdığı təhlükə bütün ölkələr üçün keçərlidir. Bu mənada adı çəkilən ölkələrin Ər-Riyada dəstək verməsi istisna deyil. Belə bir dəstək ilə husilər məğlub ola bilər. Husilər belə bir koalisiya tərəfindən məğlub edilərsə, gələcəkdə Vaşinqtonun istədiyi kimi bənzər bir koalisiya İrana müdaxilə də edə bilər. Lakin bunun üçün belə bir təcrübəyə ehtiyac var. Yəni husilərə qarşı əməliyyatlar əslində bir sınaq olacaq”.