"Dərman və həkimlərin reklamı qadağan olunsun"- Razi Nurullayev

"Dərman və həkimlərin reklamı qadağan olunsun"- Razi Nurullayev
09:12
"Biz səhiyyəni bazar modelinə açırıqsa, paralel olaraq onu reklam bazarından qorumalıyıq. Mən hesab edirəm ki, dərmanların və həkimlərin reklamının qadağan olunması prinsipi daha sərt qorunmalıdır. Çünki onkoloji xəstə adi istehlakçı deyil. O, psixoloji cəhətdən ən zəif vəziyyətdə olur. Reklam isə emosiyaya təsir edir, qorxu və ümid üzərindən qərar formalaşdırır. Bu isə tibbi qərarı elmi əsasdan çıxarıb psixoloji manipulyasiya alətinə çevirir".
Bunu parlamentdəki çıxışı zamanı Millət vəkili Razi Nurullayev deyib.
O, əlavə edib ki, həkim brend ola bilməz:
"Həkim etimad, peşəkarlıq və etik məsuliyyət simvoludur. Dərman isə məhsul deyil, həyatla bağlı vasitədir. Onların reklam obyektinə çevrilməsi səhiyyəni informasiya yarışına, reytinq mübarizəsinə və kommersiya təzyiqinə salır. Bu isə səhv müalicə seçiminə, lazımsız prosedurlara və xəstənin maddi istismarına qədər açıq-açıqcasına gedə bilir.
Biz özəl sektoru sistemə buraxırıqsa, bu, rəqabət keyfiyyət üzərində olmalıdır, reklam üzərində yox. Ümumiyyətlə, tibb sahəsində dərman və həkimlərin reklamının birdəfəlik qadağan olunmasını təklif edirəm.
Bu qanun doğru istiqamətdə addımdır. Amma onun gücü mətnində yox, mexanizmində olacaq. Güclü nəzarət, vahid standart, şəffaf maliyyə və reklamdan uzaq, etik səhiyyə mühiti — yalnız bu halda bu dəyişiklik həqiqətən xəstənin xeyrinə işləyəcək"..
News365.az

Sizin reklam burada
Sizin reklam burada