Xəbər verdiyimiz kimi milli-mənəvi dəyərlərimizə zərbə vuran bəzi telelayihələrin yayımına son verilib. Təsadüfi deyil ki, bu qərar ictimaiyyət təraəfindən də dəstək qaznıb.
Əksəriyyət hesab edir ki, bu addım milli-mənəvi dəyərlərimizin qorunmasında müsbət nəticələr verəcək.
News365.az xəbər verir ki, tanınmış jurnalist Zülfiyyə Quliyeva da bu qərarə mühüm addım hesab edir:
“Telekanalları nəhayət ki, abıra salan o böyük qüvvə kimdirsə çox-çox təşəkkür edirik. Tiktoka da əl gəzdirib həyasız ünsürlərdən təmizləsələr xalq olaraq mənəvi aşınmadan xeyli xilas ola bilərik. Mənəviyyatımızı korlayan, müğənniləri, tanınmış insanları efirdə şəxsi həyatı ilə şantaj edib pul qoparan, ailə-məişət mövzularını gündəmə gətirib reytinq yığaraq özünə klinika, restoran biznesi quran aparıcıları telekanallardan rədd edən o gözəl böyük insana bir ömür təşəkkür borcumuz var!
Uzun illərdir buna göz yumurdular. Səbəb kimi isə onu göstərirdilər ki, telekanallara reklamı bu verilişlər gətirib dolandırır. Telekanal rəhbərliyi bir verilişi sponsor gətirir deyə tamamilə aparıcıya həvalə edə bilməz! Biz uşaqlarımızı tərbiyə edirik ki, heç kəsin qız-gəlini haqda artıq-əksik danışmasınlar. Biz oğullarımızı tərbiyə edirik ki, əgər sizin yanınızda kiminsə arvadından, qızından danışırlarsa, onun şəxsi həyatı müzakirə olunursa siz o ortamda olmamalı belə söhbətlərə qoşulmamalısınız. Telekanalda isə aparıcı açıq şəkildə müğənnilərin cinsi həyatını müzakirə edir, onları şəxsi həyatı ilə şantaj edir. Beləsinə kişi demək olmaz təbii ki. Amma bu axı böyüməkdə olan nəslin düşüncəsinə təsir edir. Bu gün onun-bunun arvadına sataşanlar, onları şantaj edənlər elə belə aparıcıların təsir etdiyu beyinlərdir də. Belə şantajyorları efirdən rədd edənlərin əllərindən öpürəm. Mən bəlkə də 6-7 ildir televiziyaya baxmıram. Amma verilişlərdən belə sujetləri kəsib sosial şəbəkədə də paylaşırlar axı. Nəticədə daha çox insanın beyni zəhərlənir. Kütləyə bu psixologiyanı aşılamaq nə deməkdir? Yaxud bəzən hətta pul verib evdən qaçan gəlinləri efirə çıxardıb Azərbaycanın dünyaya örnək olan ailə modelini zədələyirlər. Azərbaycanda ailələri bəyəm evdən qaçıb qaynanası ilə saçyoldusuna çıxan gəlinlərdən ibarətdir? Bu cür səhnələri qurub özləri pul qazanır, xalqın mənəviyyatı korlanır. Belə aparıcıları birdəfəlik efirlərdən rədd eləmək lazımdır!”
News365.az