Fitrə üçün arpa, darı, buğda, qarabaşaq, lobya, düyü, xurma kimi məhsullar ona görə sadalanıb ki, kimin hansına imkanı çatarsa ondan versin. Çünki ailələrin hamısının sosial durumu bərabər deyil. Belə ki, arpanın dəyərinə imkanı çatan şəxslər, adam başına üç kq arpanın məbləğini versin, düyü və xurmaya imkanı çatanlar isə adam başına üç kq düyü yaxud xurmanın dəyərində fitrə versin. Hamı üçün eyni standart rəqəm və ya məbləğ elan etmək İslama uyğun deyil. Bu hal İslamın yaratmaq istədiyi sosial nizam və bərabərliyi xarab edir. Ədalət hamıdan qan almaq deyil, hərənin damarına görə qan almaqdır.
Ümumiyyətlə bunların heç birinə maddi imkanı çatmayan adamlar isə fitrə verməməlidir. Əksinə onlara fitrə verilməlidir. İslam şəriətinin təqdim etdiyi sosial ədalət nizamı budur.