Xəbər verdiyimiz kimi, 77 saylı Lənkəran
şəhər dairəsindən Milli Məclisə deputat seçilmiş Fariz İsmayılzadə köməkçisi
vəzifəsində çalışmaq üçün gənclərə müraciət edib.
Bununla bağlı deputat sosial şəbəkə
hesabında paylaşım edib. Millət vəkili Lənkəran şəhər seçki dairəsi üzrə
deputat köməkçisi vəzifəsində çalışmaq istəyən gənclərin öz CV-lərini
onun e-mail ünvanına göndərməsini xahiş edib.
Məsələ ilə bağlı Demokrat.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, bu qanunvericiliklə qadağan olunan məsələ deyil:
"Əksinə deputat köməkçisi seçilmək
üçün bu optimal bir yoldur. Millət vəkilinin özünün nəzərdə tutduğu, işinə,
ixtisasına uyğun gələn kadr yoxdursa, belə bir müsabiqə elan etməsi çox normal
bir haldır. Deputat köməkçisi məsələsində daha keyfiyyətli, işini bilən,
ixtisası uyğun gələn kadr seçmək üçün bu ən uyğun və məqbul yollardan biridir. Burada
təəccüblü heç nə yoxdur. Bunu daha müsbət bir hal kimi qiymətləndirmək olar”.