Ukraynanın müdafiəsi və azadlığı uğrunda döyüşən azərbaycanlı könüllülərdən biri – Əfqan Orucov şəhid olub. O, uzun müddətdir Ukrayna ordusunun sıralarında, ən qaynar cəbhə xəttində vuruşaraq ölkənin suverenliyi və azadlığı uğrunda mübarizə aparırdı.
Azərbaycanlı döyüşçü həm döyüş yoldaşlarının, həm də Ukrayna cəmiyyətinin hörmətini qazanmışdı. Onun sinəsində daşıdığı şevron üzərində yazılan sözlər qəhrəmanlığının və həyat yolunun simvoluna çevrilib: “Cənnətə getmək istəyirəm, çünki cəhənnəmdə artıq olmuşam”.
Əfqan Orucov göstərdiyi igidlik və fədakarlığa görə Ukrayna dövləti tərəfindən “Şücaət” ordeni ilə təltif edilmişdi. Lakin onun ən böyük mükafatı, Ukrayna xalqının yaddaşında qəhrəman kimi qalmaqdır.
Məlumatı Ukraynada yaşayan azərbaycanlı jurnalist Ceyhun Məmmədov özünün sosial media hesabında paylaşıb və xəbərin hazırlanmasında onun açıqlamasından istifadə olunub.
Qeyd edək ki, artıq yüzlərlə azərbaycanlı Ukrayna uğrunda, Ukrayna torpaqlarında qanını töküb və şəhid olub. Onlardan daha biri – Əfqan Orucov bu müqəddəs sıraya qoşuldu. Allah ona rəhmət eləsin!
Şəhidin vida mərasimi 24 avqust 2025-ci il saat 10:00-da Kiyevdəki “Ar-Rahma” məscidində keçiriləcək.