Çin Afrikadan idxalı rüsumlardan azad edir - Pekin yeni iqtisadi mərhələyə keçir

Çin Afrikadan idxalı rüsumlardan azad edir - Pekin yeni iqtisadi mərhələyə keçir
12:28

Çin rəhbərliyi Afrikanın Pekinlə diplomatik münasibətləri olan bütün ölkələrindən gətirilən mallara gömrük rüsumlarını tamamilə ləğv etməyə hazırlaşır.

News365.az xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 32-ci sammitində çıxışı zamanı məlumat verib.

Dövlət başçısı bildirib ki, Çin artıq zəif inkişaf etmiş bir çox ölkələr üçün gömrük güzəştlərini tətbiq edib və bu siyasəti daha geniş miqyasda davam etdirmək niyyətindədir. Si Cinpinin sözlərinə görə, Pekin inkişaf etməkdə olan dövlətlərlə iqtisadi tərəfdaşlıq sazişlərini genişləndirməyə və ədalətli qlobal ticarət mühitini təşviq etməyə çalışır.

“Çin inklüziv və dayanıqlı inkişafa sadiqdir. Biz qlobal bərabərsizliyi azaltmaq, iqtisadi əməkdaşlığı gücləndirmək və ‘Bir Kəmər, Bir Yol’ təşəbbüsünü yeni mərhələyə daşımaq niyyətindəyik. Bununla yanaşı, daha çox inkişaf etməkdə olan ölkələrin müasirləşməsinə dəstək vermək istəyirik”, – deyə Çin lideri vurğulayıb.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Çin və Afrika ölkələri arasında ticarət dövriyyəsi 259,56 milyard dollara yüksəlib. Bu, ötən illə müqayisədə 4,8 faiz artım deməkdir. Çin Afrikaya ixracını 3,5 faiz artıraraq 178,76 milyard dollara çatdırıb, Afrikadan idxal isə 6,9 faiz artaraq 116,8 milyard dollar təşkil edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada