Ukrayna nümayəndə heyəti bu gün, martın 11-də ABŞ nümayəndələri ilə danışıqların aparılacağı Ciddəyə (Səudiyyə Ərəbistanı-red.) gedib.
Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Prezident Aparatının rəhbəri Andrey Yermak Telegram-da məlumat yayıb.
"Komanda yerindədir. Biz işə hazırlaşırıq. Ukraynanın maraqlarını müdafiə edərək, müharibəni başa çatdırmaq üçün aydın məqsədlərlə amerikalı tərəfdaşlarımızla səmərəli şəkildə işləyəcəyik", - Yermak qeyd edib.
Xatırladaq ki, martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenskinin Səudiyyə Ərəbistanına səfər etməsi barədə məlumatlar yayılıb. Bu gün Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.