"Böyük Heydər Əliyevin suverenlik formulu kifayət qədər korrekt idi - ərazi bütövlüyü təmin olunmalı, daxildə sabitlik bərqərar edilməli və bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaradılmalıdır".
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən də dahi lider bazisi məhz bu tezislər üzərində qurub və qətiyyətli bir yol başladıb.
"Uzun əsrlərdən sonra real suverenlik yoluna qədəm qoyan Azərbaycan xalqının bəxti onda gətirib ki, ali konstitusion niyyətlərin realizəsində Ulu Öndər ideyalarını Azərbaycan xalqının vahidliyini təcəssüm və Azərbaycan dövlətçiliyinin varisliyini təmin etməyə qadir bir lider - cənab İlham Əliyev davam etdirib. Möhtərəm Prezidentin ali siyasi hakimiyyətə gəlişi əslində həm də konstitusion niyyətlərimizin təntənəsidir".
Qeyd edib ki, son 22 il ərzində İlham Əliyev Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit edilmiş ali niyyətləri öz gücünə və öz qətiyyəti hesabına reallığa çevirə bilib.
"Bu gün məhz cənab İlham Əliyevin sayəsində Azərbaycan öz tarixinin bütün dövrlərindən daha müstəqildir, tam suverendir və ərazi bütövlüyünü təmin edə bilib.
Bu güc bizə çoxlarından fərqli olaraq məhz öz suveren iradəmizlə Konstitusiya çərçivəsində demokratik quruluş formalaşdırmağa imkan yaradır. Biz xaç yürüşü elementi kimi Qərbdən demokratiya ixrac etmirik, Azərbaycanda vətəndaş cəmiyyəti qonşu ölkələrdə nümunəsinə şahidlik etdiyimiz və həmin ölkələr üçün təhdidə çevrilmiş qaydada yox, milli iradənin ifadəsi kimi formalaşmaqdadır".