Albaniyanın Müstəqillik Günündə hökumət əleyhinə etirazçılarla polis arasında baş verən toqquşmalarda 19 nəfər xəsarət alıb.
News365.az xəbər verir ki, bu barədə ATA agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, altı polis əməkdaşı, dörd jurnalist və doqquz etirazçı tibbi yardım üçün müraciət edib.
Toqquşmalar paytaxt Tirananın mərkəzində keçirilən etiraz aksiyası zamanı baş verib. Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər polis əməkdaşlarına daş və pirotexniki vasitələr atıblar.
Polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Albaniyada etiraz aksiyaları 170 gündən çoxdur davam edir. Nümayişçilər Baş nazirin siyasi kursuna, eləcə də Adriatik dənizi sahilində yerləşən Vyosa-Narta qoruğunda kurort kompleksinin tikintisi layihəsinə etiraz edirlər.
Oktyabrın ortalarından etibarən aksiyalar vaxtaşırı polislə toqquşmalara və hökumət binalarına hücum cəhdlərinə çevrilib.