Rusiyada benzin böhranı dərinləşir: Regionlarda talon və yanacaq limitləri tətbiq olunur

Rusiyada benzin böhranı dərinləşir: Regionlarda talon və yanacaq limitləri tətbiq olunur
12:49

“Rusiyada qaçılmazlığı barədə əvvəllər xəbərdarlıq edilən yanacaq böhranı artıq kəskin mərhələyə qədəm qoyub və ölkənin onlarla regionunu əhatə edib”.

Bu barədə politoloq Ruslan Şevçenko danışıb. O bildirib ki, neft emalı zavodlarında istehsal həcminin kəskin azalması səbəbindən Rusiya daha ciddi yanacaq çatışmazlığı ilə üzləşir.O daha sonra bunları deyib: “İddialara görə, gündəlik emal həcmi 5 milyon bareldən 2,6–2,7 milyon barelə qədər azalıb. Bu isə əvvəlki dövrlərdə müşahidə olunan müvəqqəti fasilələrdən daha ağır böhran ehtimalını artırır.

Artıq yerlərdəki hakimiyyət orqanları yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə və sərt normalaşdırma tədbirlərinə əl atmağa məcbur qalırlar.

Regionlardan yayılan məlumatlara görə, son bir həftə ərzində benzinin satışına məhdudiyyətlər Tambov, Nijni Novqorod, Penza, Tomsk və Novosibirsk vilayətlərində, eləcə də Buryatiya, Zabaykal və Krasnoyarsk diyarlarında tətbiq edilib.

Problem Rusiyanın iri şəhərlərinə də yayılmaqdadır. Sankt-Peterburq və Leninqrad vilayətində bir sıra müstəqil yanacaqdoldurma məntəqələrində AI-95 markalı benzinin ehtiyatı tamamilə tükənib. Yanacağın satışını davam etdirən digər məntəqələrdə isə bir müştəriyə verilən benzinin həcmi 20–30 litrlə məhdudlaşdırılıb.

Beləliklə, vəziyyət əvvəlcədən ehtimal edilən ən mənfi ssenari üzrə inkişaf edir. Əgər əvvəllər istehsalın azalmasını mövcud ehtiyatlar və yanacağın regionlar arasında yenidən bölüşdürülməsi hesabına müəyyən qədər kompensasiya etmək mümkün idisə, emal güclərinin bu miqyasda sıradan çıxması həmin mexanizmin effektivliyini ciddi şəkildə zəiflədib.

Məlumatlara görə, zədələnmiş krekinq qurğularının qısa müddətdə bərpası da asan deyil. Bunun əsas səbəblərindən biri neft emalı sənayesinin Qərb texnologiyalarından, avadanlıqlarından və xüsusi katalizatorlardan asılılığıdır. Sanksiyalar fonunda bu komponentlərin tədarükündə yaranan çətinliklər təmir prosesini daha da mürəkkəbləşdirir.

Yanacaq bazarındakı vəziyyəti yalnız inzibati tədbirlərlə nəzarətdə saxlamaq getdikcə çətinləşir. Benzin çatışmazlığı və qiymətlərin artması ilk növbədə nəqliyyat şirkətlərinə, kənd təsərrüfatı istehsalçılarına və ticarət şəbəkələrinə ciddi zərbə vura bilər.

Yanacağın bahalaşması daşınma xərclərini artıracaq, bu isə öz növbəsində ərzaqdan tutmuş sənaye məhsullarına qədər geniş çeşiddə malların qiymətinə təsir göstərəcək. Nəticədə yanacaq böhranı Rusiyada inflyasiyanın sürətlənməsinə və əhalinin gündəlik xərclərinin artmasına səbəb ola bilər.

Mövcud tendensiyalar davam edərsə, yanacaq satışına tətbiq edilən məhdudiyyətlərin daha çox regiona yayılması ehtimalı da artır. Bu isə Rusiyanın enerji sektorunda yaranan problemlərin təkcə neft emalı sənayesi ilə məhdudlaşmadığını, bütövlükdə ölkə iqtisadiyyatına təsir göstərə biləcəyini ortaya qoyur”.


Sizin reklam burada
Sizin reklam burada