Rusiya estrada musiqisinin ulduzu Alla Puqaçova yenidən səhnəyə qayıdır.
News365.az xəbər verir ki, müğənninin xaricə köçdükdən sonra verəcəyi ilk solo konsert Türkiyədə baş tutacaq.
SSRİ Xalq artistinin çıxışı 2027-ci il mayın 1-də İstanbuldakı “Çırağan Palace Kempinski” hotelində planlaşdırılır.

Qarşıdan gələn yaradıcılıq gecəsinin təfərrüatlarını prodüser Andrey Razin açıqlayıb.
Onun sözlərinə görə, tədbir kamera (məhdud sayda tamaşaçı üçün nəzərdə tutulmuş kiçik zal) formatında keçiriləcək və təxminən saat yarım davam edəcək.

Tamaşaçıları təkcə mahnıların ifası deyil, həm də sənətçi ilə canlı ünsiyyət gözləyir. Bu, özünəməxsus yaradıcılıq gecəsi olacaq. Gecənin sadəcə ulduzla söhbət formatında keçiriləcəyi, yoxsa ona canlı sual ünvanlamağın və ya yazılı qeydlər göndərməyin mümkün olacağı hələlik dəqiqləşməyib.
“Alla Borisovnanı çox rahat olan bu solo konsertə qərar verdiyi üçün təbrik edirəm. Mən də bu cür konsertlərə üstünlük verirəm. ABŞ-da da 100-200 nəfərlik tədbirlərdə əməkdaşlıq etmişəm. Biz artıq Alla Borisovna ilə oxşar formatda işləyirik, burada hansısa videonu nümayiş etdirmək, mahnının yaranma tarixçəsini və ya müəyyən bir insanla münasibətləri bölüşmək imkanı yaranır”, - deyə Razin bildirib.
Prodüser biletlərin təxmini qiymətini də açıqlayıb. Bu pərəstişkarlara böyük məbləğə, yarım milyon rubldan baha başa gələcək.
“Saat yarım tam optimal müddətdir. Əminəm ki, bilet üçün 6000 avro (11191 AZN) münasib qiymətdir. Alla Borisovna belə bir yaradıcılıq gecəsi təşkil edəcək, həm danışacaq, həm də oxuyacaq”, - deyə Razin əlavə edib.
Əgər konsert baş tutarsa, bu, Puqaçovanın uzun fasilədən sonra ilk solo çıxışı olacaq. Müğənninin sonuncu böyük solo konserti 2019-cu il aprelin 17-də Kreml Sarayında keçirilib.

“Alla Puqaçova. P.S.” adlı proqram onun 70 illik yubileyinə həsr olunub. Ondan əvvəl isə sənətçi təxminən on il böyük solo səhnəyə çıxmayıb.
Həmin konsertdən sonra Puqaçova ayrı-ayrı musiqi tədbirlərində görünsə də, tamformatlı solo konsertlər verməyib. O, konsert fəaliyyətini dayandırdığını hələ 2009-cu ildə elan edib, 2010-cu ilin martında isə "Sevgi xəyalları" ("Dreams of Love") adlı vida qastrol turunu başa vurub.
2024-cü ilin iyununda da Puqaçovanın Türkiyədə mümkün çıxışı barədə məlumatlar yayılıb. Həmin vaxt jurnalist Suren Kaqramanov özünü rusiyalı özəl investorun ad günü təşkilatçısı kimi təqdim edərək müğənninin konsert direktoru Aleksandr Zaporojeçə zəng edib. O, sənətçini 100 milyon rubl qarşılığında qapalı tədbirə dəvət etməyi təklif edib.

Daha sonra KİV-lər Puqaçovanın latviyalı biznesmenin ailə şənliyindəki özəl çıxışı barədə məlumat yaydı. Tədbir həmin ilin iyulunda Yurmalada baş tutub, müğənninin qonorarı isə 200 min avro təşkil edib. Bununla belə, bu cür tədbirlərin qonaqlarına foto və video çəkilişlər paylaşmaq qəti qadağan edildiyi üçün çıxışın təfərrüatları açıqlanmayıb.
Şayiələrə görə, Alla Borisovna səhnəyə çıxmağa hazırdır, lakin çox böyük qonorar qarşılığında. Bəziləri hətta 35 milyon rublluq astronomik məbləğlərin adını çəkir. Bununla belə, sənətçi özü növbəti çıxışı barədə xəbərlər yayıldıqda sadəcə gülümsəyir və zarafatla reaksiya verir. Müğənni səsinin artıq əvvəlki kimi olmadığını və səhnədə saat yarım-iki saat çıxış etməyin ağır gəldiyini deyirdi. Sadəcə oturub başqasının onun yerinə oxumasına baxmağa isə (məsələn, yığma şou olarsa) öyrəşmədiyini vurğulayıb.