Hazırda dünya müsəlmanlarının böyük əksəriyyətinin mənsub olduğu İslam məzhəblərinin öncülləri, öndərləri ya bir-birinin müəllimi, tələbəsi ya da yaxın dostu olublar. Zeydi məzhəbinin İmamı Zeyd bin Əli Əhli-Beytdən, İmam Hüseynin nəvəsidir. Böyük fəqih, alim və yüksək əxlaq sahibidir. Əsasən İraq əhlinin fəqihi, müctəhidi hesab olunan İmam Əzəm Əbu Hənifə ilə yaxın dost olublar, elmi müzakirə və mübadilələr aparıblar. Eyni zamanda Əhli-Beytdən, İmam Zeydin qardaşı oğlu İmam Cəfər Sadiq atası İmam Muhəmməd Baqirlə yanaşı əmisi İmam Zeyddən də dərs alaraq Əbu Hənifənin də müəllimləri arasındadır. Digər məzhəb imamları İmam Malik bin Ənəs də qeyd olunan şəxslərlə əlaqədə olmuş, onlardan hədis də rəvayət etmişdir. Əhməd bin Hənbəl, Süfyan Sivri, İmam Şafii kimi üləmalar, məzhəb öncülləri də bu şəxslərlə əyani yaxud qiyabi əlaqədə olub, bir-birinin elmi irsindən istifadə edib, bir-birinə çox böyük hörmət bəsləyiblər. Fiqhdə, yəni İslam hüququnun formalaşdırılmasında, sistemləşməsində bu simaların böyük və əvəzsiz rolu olub. Hərəsi öz coğrafiyasında müvafiq hüquq məktəblərini inkişaf etdiriblər. Bu məktəblər heç də parçalanmanın, bölücülüyün əsasını qoymayıb, İslamın geniş əhatəli mahiyyətindən doğan ehtiyac və dövrə uyğun tələblərin fərqli alternativ üsul və yollarla təmin olunma vasitələrini müəyyən ediblər. İslam hüququnu inkişaf etdiriblər. Bu yollar əslində məzhəbdən əlavə məktəbdir. Hər məktəbin də özünə xas özəllikləri var.
Hənəfi məktəbində fətvaların böyük əksəriyyəti İmam Əzəmin tələbələri Əbu Yusuf, Əbu Züfər və İmam Muhəmmədə məxsusdur ki, bu da onların qurduğu Fətva Şurasınin məhz məktəb xarakterli olduğunu göstərir. Eyni zamanda Zeydi və Cəfəri məktəblərində məzhəbin əsas fətvalarının dayandığı dəlillər təkcə İmam Zeyd və İmam Cəfərin hədis və hökmlərinə bağlı deyil. Digər Əhli-Beyt imamlarının hədisləri də bu məzhəblərin fiqhində, üsuli-fiqhdə nass kimi qəbul olunur.
Sivri və Cəriri hüquqi məzhəbləri bu günə qədər gəlib çatmasa da onlar da eyni metodla işləyiblər. Eyni zamanda Şafii, Maliki məzhəblərində də məzhəb liderlərinin öz dövründə və sonrakı dövrlərdə bu məktəblərin böyük müctəhidləri, alimləri yetişib.
Klassik mətnlərə əsasən bu məktəblərin ilk alimləri bir - birinin hüquqi metodlarını bəzən tənqid etsələr də, fətva üsulları fərqlənsə də əsas, özək prinsiplərdən heç zaman ayrılmayıblar. Quran və Sünnənin ilk iki mənbə olması, İcmanın üçüncü əsas olması hər birində şərtdir. Sadəcə dördüncü müddəada Hənəfi məktəbi Qiyas, İstihsanı və Ürfü, Zeydi məzhəbi Qiyas və Ağılı, Cəfəri məzhəbi Ağılı, Cəriri məzhəbi Qiyası, Hənbəlilər Qiyası, səhabə fətvalarını və mürsəl hədisləri, Şafiilər Qiyas və İstihsanı, Malikilər isə Qiyas və Mədinə əhlinin Ürfünü əsas götürür.
Ümumiyyətlə bu məktəblərin qoyduğu böyük irs bu günkü müsəlmanların fiqhi hökmlərə əməl etməsində əhəmiyyətli rol oynayır. Ən əsası isə məzhəb İmamlarının tolerantlıq şəraitində, vəhdətdə yaşaması, birgə fəaliyyət göstərməsi də bu gün müsəlmanlara nümunə olmalıdır.
Tural İrfan, dinşünas