"Xoşbəxt olan" son nəsil - Bu illərdə doğulanlar...

"Xoşbəxt olan" son nəsil - Bu illərdə doğulanlar...
15:35

1960–1970-ci illərdə dünyaya gələn insanlar uşaqlıqlarını daha çox şəxsi azadlıq, müstəqillik və rəqəmsal texnologiyaların olmadığı şəraitdə keçiriblər. Psixoloqlar hesab edirlər ki, həmin dövrün sosial mühiti onların özünəinamlı və emosional cəhətdən daha dözümlü yetişməsinə kömək edib.

Psixoloq Piter Qreyin araşdırmasına görə, həmin nəslin uşaqları vaxtlarının böyük hissəsini böyüklərin nəzarəti olmadan keçiriblər.Onlar küçədə sərbəst oynayır, ətrafı araşdırır, yaşıdları ilə ünsiyyət qurur və qarşılaşdıqları problemləri özləri həll etməyə çalışırdılar.

Mütəxəssislər bildirirlər ki, bu təcrübə uşaqlarda müstəqillik, özünəinam və çətinliklərə dözümlülük kimi xüsusiyyətlərin formalaşmasında mühüm rol oynayıb.

Digər fərq isə rəqəmsal əyləncələrin və daimi stimulların olmaması idi. Uşaqlar darıxanda özləri oyunlar uydurur, müxtəlif sığınacaqlar qurur, hekayələr fikirləşirdilər. Bu isə onların yaradıcılıq qabiliyyətini və səbirli olmasını inkişaf etdirirdi.

Həmin dövrdə uşaqların ev işlərinə kömək etməsi, kiçik bacı-qardaşlarına baxması və valideynlərin tapşırıqlarını yerinə yetirməsi də adi hal sayılırdı. Belə məsuliyyətlər onların gündəlik həyata daha erkən uyğunlaşmasına şərait yaradırdı.

Yaşıdlar arasında yaranan mübahisələr də çox vaxt böyüklərin müdaxiləsi olmadan həll edilirdi. Uşaqlar razılığa gəlməyi, üzr istəməyi və birgə yaşamağı öyrənirdilər.

Bununla belə, psixoloqlar 1960–1970-ci illərdə doğulanların uşaqlığının tamamilə problemsiz keçdiyini iddia etmirlər. Həmin nəsil də yoxsulluq, ailədaxili çətinliklər və digər sosial problemlərlə üzləşib. Bundan başqa, insanlar illər keçdikcə öz uşaqlıqlarını olduğundan daha xoşbəxt xatırlamağa meyilli ola bilərlər.


Sizin reklam burada
Sizin reklam burada