Tanzaniyanın Zənzibar adasında yerləşən məşhur Nunqvi kurortunda güclü yanğın baş verib. Alov Hind okeanının sahilində bir-birinə yaxın yerləşən hotellər arasında sürətlə yayılıb.
Yanğın nəticəsində ümumilikdə altı yerləşmə obyektinə ziyan dəyib.
Zərər çəkən obyektlər arasında "Makofi Hotel" qonaq evi, dördulduzlu "Sandies Nungwi Beach" və "Z Hotel" hotelləri, həmçinin "Nungwi Garden Inn", "Pasha" və "Bravo Hotel" var.
Bundan əlavə, alov dörd restoranı və 40 ticarət obyektini məhv edib.
Hadisə şahidlərinin sözlərinə görə, bəzi hotellərə nisbətən az ziyan dəyib. Həmin binaların qısa müddətdə bərpa olunmasının mümkün olduğu bildirilir.
Yanğından ən çox zərər çəkən hotellərdə qalan 183 turist təcili şəkildə digər hotellərə yerləşdirilib.
Ümumilikdə isə yanğın səbəbindən təxminən 200 istirahətçi təxliyə olunub.