“Boşanma travması illər sonra belə üzə çıxa bilər” – Baş həkimdən xəbərdarlıq

“Boşanma travması illər sonra belə üzə çıxa bilər” – Baş həkimdən xəbərdarlıq
15:23

"Boşanma uşaqların psixologiyasına dərin və uzunmüddətli təsir göstərir və bir sıra psixoloji problemlərin yaranmasına səbəb ola bilər."

News365.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində yayımlanan canlı yayımda 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova səsləndirib.

Onun sözlərinə görə, boşanma uşaqlar üçün ciddi psixoloji travmadır:

"Belə vəziyyətlərdə uşaqlarda özünəgüvən azalır, özünəqapanma və özünü günahlandırma kimi hallar müşahidə olunur. Ana və atanın ayrılığı ilə bağlı yaranan stres, adətən, boşanmanın ilk günlərində deyil, daha sonrakı mərhələlərdə özünü büruzə verir. Bu travmanın təsiri illər boyu davam edə bilər."

Leyla Bəşirova qeyd edib ki, uşaqları bu gərginlikdən qorumaq və onların psixoloji sağlamlığını qorumaq üçün valideynlər mühüm rol oynayır:

"Uşaqlarla açıq söhbətlər aparılmalı, onlara boşanmanın onların günahı olmadığı izah edilməlidir. Həmçinin, hər iki valideynin onlara sevgi göstərməyə davam edəcəyi aydın şəkildə bildirilməlidir. Valideynlərin bir-biri ilə sağlam ünsiyyət qurması, münaqişələrdən qaçması və uşaqları bu qarşıdurmaların mərkəzinə yerləşdirməməsi, onların emosional dayanıqlığını dəstəkləyə bilər."


Sizin reklam burada
Sizin reklam burada