Üzeyir bəy yazırdı: “...Mən seminariyanın ikinci klasında idim ki, ilyarımdan sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə “Mən gələcəkdə nə iş görəcəyəm?” sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib hesab, coğrafiya və s. elmləri öz dilimizə tərcümə edəcəyəm... Mənim bu fikrim direktorun xoşuna gəlməmişdi...”.
Hələ 1904-cü ilin son aylarında Bakıda “Kaspi” qəzetində “U” imzalı naməlum müxbir Qarabağın, Cəbrayıl qəzasının xalq maarifi işindən, iqtisadi vəziyyətindən, baş almış xəstəliklərdən və s. bəhs edən yazılar dərc etdirirdi.
Bu naməlum müxbir 1905-ci ildə isə Cəbrayıl qəzasında baş verən erməni-müsəlman toqquşmalarından, ermənilərin Dəvəli, Qarabulaq, Qoçəhmədli, Sərdarlı kəndlərində törətdikləri qətl və qarətlərdən yazır, xalqı böyük bəlaların gələ biləcəyindən xəbərdar edirdi. Bu gənc müxbir Üzeyir bəy Hacıbəyli idi. Tale onu yenə Vətənin dar günlərində ilk sıralarda olaraq sinəsini bəlalara sipər etməyə çağırırdı. Lakin şər qüvvələr gənc müəllimin fəaliyyətindən duyuq düşərək onu aradan götürmək istəyərkən yenə tale Üzeyir bəyə yar oldu. Onu sevənlər gecə ikən Üzeyiri kənddən çıxarıb Bakıya yola saldılar.
Ü.Hacıbəyovun "Bir yaş" ("Azərbaycan", 28 may 1919) məqaləsində minlərcə xanimanı xaraba qoyulan bir dövlətin - çaylarca axıdılan qanlar hesabına qurduğu Azərbaycan-Türk dövlətinin bir yaşının tamam olması və ikinci yaşa qədəm qoyması gününü qürurla, istiqlal sevgisi ilə qələmə alıb: "Bu gün istiqlalını elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda Növzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması - çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi... Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindən balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istiyordular.
Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcədə böyük bir qüvvəti haiz idi ki, zəif cism, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi. Ana Vətən doğdu... Və bu gün doğduğu övladının səneyi-dövriyyəsi münasibəti ilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etməkdədir".