Bu gün Azərbaycanda Milli Mətbuat günü keçirilir. Həsəm bəy Zərdabi tərəfindən ilk dəfə Ana dilimizdə nəşr edilən qəzetdən başlanan böyük yolda ona mane olmaq istəyən çox insanlar var idi. Dəstək olanlar da az deyildi. Xüsusilə bir nəfəri bu gün mütləq yada salaq. O illərdə hamı Ana dilində qəzet nəşrinə qarşı çıxanda Həsən bəyin müdafiəsinə qalxan bir nəfəri gərək xüsusi hörmətlə anaq. Bu şəxs Qafqaz müsəlmanlarının şeyxülislamı
Şeyxülislam Axund Əhməd Hüseynzadə
Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib.
Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.
Şeyxülislam Axund Əhməd Hüseynzadə 1884-cü iləcən şeyxülislam olmuş, 1887-ci ildə Tiflisdə vəfat etmişdir.
“Əkinçi” qəzetində "Elmi-əbdan" və "Elmi-ədyan" adlı yazılardan sonra Həsən bəyə qarşı hücumlar başlanır. Xurafat əsiri olan şəxslər "Əkinçi"yə və onun redaktoruna, həmçinin fəal müxbirlərinə qarşı təhdid və təqiblərini gücləndirmişdilər. “Elm Ədyan” din elmləri, “Elm Əbdan” bədən elmləri, yəni dünyəvi elmlər demək idi. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər bəy Adgözəlovun məqalələri çıxıb ki, bizə dünyəvi elmlər lazımdır.
Bununla Zərdabiyə qarşı ciddi hücumlar başlanır. Xurafat təsirində olan jurnalistlər və ədəbiyyat xadimləri başlayırlar onun əleyinə ağır təhqirli yazılar yazmağa. Məsələn, Şamaxı şairi adıyla bir şeir göndərilib: “Nə hacət tikana güli-yasəməni ad edələr, sənə Həsən yox, erməni adı daha çox yaraşır”.
Bu zaman onun müdafiəsinə qalxanlar içərisində Şeyxüslam xüsusi seçilirdi. Şeyxülislam deyirdi ki, bizim “Quran”ımız, bizim peyğəmbərimiz hər iki elmin tədrisini vacib sayırdı. Elm bütün müsəlmanlar üçün lazımlıdır. Elm üçün lazım olsa, uzaq Mancur və Çin vilayətinə getmək olar.
Şeyxüslam Əhməd Hüseynzadə "Əkinçi" qəzetinə hətta məktub yazır. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadənin yazısından bir hissəni təqdim edirəm ki, görün o dövrün din xadimi necə dünyagörüşlü bir şəxsiyyət imiş:
"Ali-şanlı Həsən bəy! Cənab Heydərinin cavabında icmalən yazarsan ki, bizim peyğəmbərimizin buyurduqları əlelmül-elman, elmül-əbdan, elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan külliülumi-dünyəvidən ibarətdir... Əvvəlinci ehtiyac cisman və ikinci ehtiyac ruhanidir"
Qeyd edim ki, Şeyxüslam Əhməd Hüseynzadə "Tarixi ədəbiyyati-türki" əsərinin müəllifi idi. Əslində, ümmətçilikdən millətçiliyə keçid həm də bu əsərlə başlamışdı.
Zaur Əliyev, tarixçi alim