Yay mövsümünün başlaması ilə kondisionerlərdən istifadə də intensivləşib. Mütəxəssislər isə bildirirlər ki, cihazı daha effektiv işlətmək və elektrik sərfiyyatını azaltmaq üçün sadə bir üsuldan yararlanmaq mümkündür. Əksər istifadəçilərin diqqət etmədiyi bu addım həm otağın daha tez soyumasına, həm də enerji qənaətinə kömək edir.
News365.az xəbər verir ki, kondisioneri birbaşa “Cool” rejimində işə salmaq əvəzinə əvvəlcə bir neçə dəqiqə “Fan” və ya hava dövriyyəsi rejimində işlətmək tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu zaman otaqda toplanmış isti və durğun hava hərəkətə gəlir, temperatur daha bərabər paylanır. Ardınca soyutma rejimi aktiv edildikdə kondisionerin kompressoru daha az yüklənir və cihaz daha az enerji sərf edir. Nəticədə həm otaq qısa müddətdə sərinləyir, həm də elektrik xərcləri azalır.
Bildirilir ki, fan rejimindən mütəmadi istifadə kondisionerin daxili hava axınını yaxşılaşdırır və filtrlərdə tozun daha balanslı şəkildə toplanmasına şərait yaradır. Bu xüsusilə allergiyası və ya tənəffüs həssaslığı olan şəxslər üçün daha rahat hava mühiti formalaşdırır.
Mütəxəssislər əlavə olaraq filtrlərin vaxtaşırı təmizlənməsini, temperaturun 22–24 dərəcə aralığında saxlanılmasını və günəş şüalarının otağa birbaşa daxil olmasının qarşısını almağı tövsiyə edirlər. Onların fikrincə, düzgün istifadə qaydaları həm cihazın ömrünü uzadır, həm də aylıq enerji sərfiyyatına ciddi təsir göstərir.
News365.az