Şəhər küçələrində elektrik skuterlərindən istifadənin genişlənməsi mikromobilliyin əlçatanlığını artırsa da, qaydalara əməl edilməməsi təhlükəsizliklə bağlı ciddi suallar yaradır. Xüsusilə azyaşlıların skuterlərdən istifadəsi və bir nəqliyyat vasitəsində bir neçə şəxsin hərəkət etməsi qəza riskini artıran əsas hallardan hesab olunur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov News365.az-abildirib ki, mövcud qaydalara əsasən, 14 yaşdan aşağı şəxslərin skuterlə yollarda hərəkət etməsinə yol verilmir.
Ekspertin sözlərinə görə, skuter idarə edən şəxsin diqqətli və məsuliyyətli davranması vacibdir. O qeyd edib ki, skuterdə yalnız onu idarə edən bir nəfər ola bilər. Bir skuterdən eyni vaxtda iki və ya daha çox şəxsin istifadə etməsi nəqliyyat vasitəsinin tarazlığını poza və idarəetməni çətinləşdirə bilər.
Ərşad Hüseynov vurğulayıb ki, belə hallarda qəza baş verərsə, xəsarətlərin daha ağır olması mümkündür.
Ekspert skuterlərin hərəkət etdiyi ərazi ilə bağlı qaydalara da diqqət çəkib. Bildirib ki, yolun kənarında velosiped və mikromobillik üçün nəzərdə tutulmuş xüsusi cığır varsa, skuter istifadəçiləri həmin yoldan hərəkət etməlidirlər. Digər zolaqlarda hərəkətə isə yol verilmir.
Xüsusi cığırın olmadığı ərazilərdə isə skuterlər yolun kənarı ilə, bordürə yaxın hərəkət etməlidir. Hüseynovun sözlərinə görə, işıqforun tələbləri də skuter istifadəçiləri üçün keçərlidir və onlar yol hərəkəti qaydalarına tam şəkildə riayət etməlidirlər.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində “kiçik elektrik nəqliyyat vasitəsi” anlayışı təsbit olunub və bu nəqliyyat vasitələrinin yollarda hərəkəti ilə bağlı müvafiq qaydalar müəyyənləşdirilib.
Paytaxtda mikromobillik vasitələrindən istifadəyə marağın artdığı müşahidə olunur. Statistik məlumatlara əsasən, velosiped və elektrik skuterləri kirayə xidmətləri vasitəsilə 6,9 milyondan çox dəfə sifariş edilib. İstifadəçilər bu müddət ərzində ümumilikdə 18 milyon kilometrə yaxın məsafə qət ediblər.
Cari ilin ilk 7 ayında isə kirayə xidmətində olan velosiped və skuterlər 2 milyon 297 min 405 dəfə sifariş olunub. Hazırda Bakıda mikromobillik zolaqlarının ümumi uzunluğu 66,6 kilometrə çatdırılıb.
Skuterlərin qiyməti isə model, marka, mühərrik gücü və maksimal sürət kimi xüsusiyyətlərdən asılı olaraq dəyişir. Hazırda bazarda skuterlərə təxminən 500 manatdan başlayaraq 2 500-3 000 manatadək qiymətə rast gəlmək mümkündür.