İstifadəsiz nömrələr başqasına verilir: Bank hesabları təhlükə altındadır?

İstifadəsiz nömrələr başqasına verilir: Bank hesabları təhlükə altındadır?
11:41

Mobil nömrənin başqa abonentə verilməsi əvvəlki istifadəçinin bank hesabları, sosial şəbəkələri və elektron poçtu üçün təhlükəsizlik problemi yarada bilər. Belə ki, nömrə dəyişdirildikdən sonra köhnə hesablarla əlaqə kəsilməzsə, yeni istifadəçi həmin hesablara aid təsdiq mesajları ala bilər.

News365.az xəbər verir ki, deputat Razi Nurullayev bu məsələyə Milli Məclisin bugünkü iclasında toxunaraq, istifadəsiz mobil nömrələrin yenidən dövriyyəyə buraxılması zamanı vahid təhlükəsizlik standartlarının tətbiqini təklif edib.

Deputatın sözlərinə görə, mobil nömrələr artıq yalnız zəng və SMS göndərmək üçün istifadə edilmir. Bu gün bank əməliyyatlarının təsdiqi, sosial şəbəkə profillərinə giriş, elektron poçtun bərpası və dövlət xidmətlərindən yararlanmaq üçün də telefon nömrələrinə ehtiyac duyulur. Bir çox rəqəmsal hesabın təhlükəsizliyi məhz həmin nömrə ilə əlaqələndirilir.

Mövcud vəziyyətdə istifadə edilməyən nömrə müəyyən müddətdən sonra ləğv edilərək başqa şəxsə təqdim oluna bilər. Lakin əvvəlki abonent həmin nömrəni şəxsi hesablarından ayırmayıbsa, yeni istifadəçi onun hesablarına aid bildirişlər və təsdiq kodları ala bilər. Bu hal şəxsi məlumatların məxfiliyini poza, hətta bəzi hesabların təhlükəsizliyini risk altına sala bilər.

Razi Nurullayev bildirib ki, məqsəd mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq deyil. Əsas məsələ rəqəmsal xidmətlərin geniş yayıldığı indiki dövrdə mövcud qaydaları təhlükəsizlik tələblərinə uyğunlaşdırmaqdır.

Deputatın təklifləri arasında istifadəsiz nömrələrin yeni abonentə verilməzdən əvvəl müəyyən müddət gözlədilməsi və yüksək riskli xidmətlərlə əlaqəli nömrələr üçün əlavə qoruma mexanizmlərinin yaradılması yer alır.

Bununla yanaşı, mobil operatorlar, banklar, elektron xidmət təminatçıları və sosial şəbəkələr arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur. Məqsəd nömrə başqa şəxsə verildikdə əvvəlki istifadəçinin şəxsi məlumatlarının və rəqəmsal hesablarının təhlükəsizliyini qorumaqdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada