Bəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel
Al-Buainainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Bu barədə News365.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən
məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 4-ü Baş prokuror Kamran Əliyev
Bəhreynli həmkarını Baş Prokurorluqda qəbul edərək Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi
ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan
islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər
səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 7 may
2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya
sisteminin tətbiqi barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Ali Bin Fadhel
Al-Buainaini Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA)
29-cu İllik Konfransı və Ümumi Yığıncağının yüksək səviyyədə keçirilməsi
münasibətilə təbrik edərək qarşıda duran mühüm tədbirlərin Baş Prokurorluq tərəfindən
müvəffəqiyyətlə keçiriləcəyinə əminlik ifadə edib.
Daha sonra qonaq Baş Prokurorluğun Tarix muzeyi və Çağrı Mərkəzi
ilə tanış olub.