"Baxış sayını nüfuz, alqoritmi peşəkarlıq hesab edənlərə" – Azər Rəşidoğlundan SƏRT REAKSİYA

"Baxış sayını nüfuz, alqoritmi peşəkarlıq hesab edənlərə" – Azər Rəşidoğlundan SƏRT REAKSİYA
22:02

Tanınmış jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında müasir media, sosial şəbəkə trendləri və peşəkar jurnalistikanın mahiyyəti ilə bağlı diqqətçəkən paylaşım edib. O, baxış sayı və alqoritmlərin jurnalistika adlandırılmasına qarşı çıxaraq, peşəkar kütləvi informasiya vasitələrinin əsas prinsiplərini xatırladıb.

Jurnalistin qeydlərini təqdim edirik:

"Jurnalistika hər hansı süzgəcdən keçmədən danışmaq deyil"

A. Rəşidoğlu bildiri ki, müvəqqəti rəqəmsal trendlərlə həqiqi jurnalistika arasında böyük mahiyyət fərqi var:

"Bəziləri baxış sayını nüfuz, alqoritmi peşəkarlıq, təsadüfi populyarlığı isə jurnalistika hesab edir. Əslində isə jurnalistika hər hansı süzgəcdən keçmədən danışmaq deyil, faktı araşdırmaq, yoxlamaq və sübuta yetirməkdir. Jurnalist fəaliyyəti kamera qarşısında görünməklə bitmir. Bu peşə illərlə qazanılan bilik, dərin araşdırma, hüquqi və mənəvi məsuliyyət, ən başlıcası isə həqiqətin yükünü daşımaq iradəsi tələb edir."

"Alqoritm istedad yaratmır, sadəcə görüntü effekti verir"

Sosial şəbəkələrin müvəqqəti təsirindən söz açan jurnalist peşəkarlığın zamanın sınağından çıxan əsas dəyər olduğunu vurğulayıb:

"Sosial şəbəkələr keçici dalğadır, peşəkarlıq isə zamanın sınağından çıxmış dəyərdir. Alqoritm istedad yaratmır, sadəcə görüntü effekti verir. Bu gün cəmiyyətin alqoritmlərin deyil, həqiqətin yön verdiyi, reytinq naminə prinsiplərindən imtina etməyən müstəqil media institutlarına hər zamankından daha çox ehtiyacı var."

"Bu dəyərləri bölüşən onlarla imza var..."

Eyni zamanda, Azər Rəşidoğlu keyfiyyətli medianın intellektual oxucu üçün bir zərurət olduğunu və bu prinsipi qoruyan jurnalistlərin birgə fəaliyyətinin media məkanında yeni mərhələ aça biləcəyini qeyd edib:

"Oxucuya yalnız dəqiq, yoxlanılmış informasiya təqdim edən və faktın məsuliyyətini daşıyan media intellektual tərəfdaşlığın diktə etdiyi zərurətdir. Bu dəyərləri bölüşən onlarla imza var. Onların birgə addımı media məkanında tam fərqli və etibarlı söz deməyə imkan verə bilər."


Sizin reklam burada
Sizin reklam burada