Azərbaycan–Latviya tərəfdaşlığı Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan–Latviya tərəfdaşlığı Avropa üçün strateji əhəmiyyət daşıyır
14:16

Azərbaycan ilə Latviya arasında münasibətlər son dövrlərdə yeni mərhələyə qədəm qoyur. Artan geosiyasi risklər və dəyişən beynəlxalq mühit fonunda tərəflər əməkdaşlığı daha da genişləndirməyə çalışır. Ekspertlər hesab edir ki, bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region və Avropa üçün də strateji əhəmiyyət kəsb edir.

Politoloq İlqar Vəlizadə Azərbaycan ilə Latviya arasında münasibətlərin hazırkı vəziyyətini şərh edib.

O, News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Latviya münasibətləri strateji tərəfdaşlıq əsasında qurulub və bu əməkdaşlıq uzun illərdir davam edir. Onun sözlərinə görə, bu dialoq digər Avropa ölkələri üçün də nümunə hesab oluna bilər.


Politoloq qeyd edib ki, tərəflər münasibətləri bərabərhüquqlu əsaslarla inkişaf etdirir, qarşılıqlı mövqelərə hörmətlə yanaşır və bir-birini dinləyir. O vurğulayıb ki, xüsusilə son dövrlərdə Baltikyanı ölkələrin Azərbaycana marağı xeyli artıb. Bu isə həm regionda, həm də Avropada baş verən mürəkkəb və riskli geosiyasi proseslərlə bağlıdır.

İlqar Vəlizadə bildirib ki, hazırda tərəflər enerji və nəqliyyat kimi ənənəvi sahələrlə yanaşı, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər istiqamətlərdə də əməkdaşlığı genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, Latviya coğrafi mövqeyinə görə Şimali Avropaya çıxış baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan da regionda nəqliyyat-logistika və enerji sahəsində mövqelərini gücləndirməklə tərəfdaşlıqdan faydalanır.

Politoloq əlavə edib ki, logistik və kommunikasiya əlaqələrinin qurulması mürəkkəb proses olsa da, bu əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. O, həmçinin Xəzər regionunun daha geniş coğrafiyada əhəmiyyətinin artdığını diqqətə çatdırıb.

İlqar Vəlizadə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa yeni əməkdaşlıq istiqamətləri axtarır və bu baxımdan Cənubi Qafqaz, xüsusilə Azərbaycan mühüm tərəfdaş kimi önə çıxır. Onun fikrincə, Azərbaycan regionda oynadığı rol sayəsində Avropa ilə əlaqələrin genişlənməsində əsas körpülərdən birinə çevrilə bilər.

Politoloq sonda vurğulayıb ki, Latviya Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlıdır və bu istiqamətdə konkret addımlar atır.


Sizin reklam burada
Sizin reklam burada