Azərbaycanda kiçik çillə BAŞLADI

Azərbaycanda kiçik çillə BAŞLADI
11:26

Bu gündən qışın ən sərt dövrü olaraq bilinən kiçik çillə başlayır. Beləliklə, dekabr ayının 20-də başlayaraq, 40 gün davam edən böyük çillə yanvar ayının 31-də sona çataraq, öz yerini kiçik çilləyə verir.

Bu iki çillə xalq arasında fərqli xüsusiyyətləri ilə tanınır və bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilir. Böyük çillə daha mülayim və sakit təbiətli, kiçik çillə isə sərt və qəzəbli xarakterlərlə obrazlaşdırılır. Kiçik çillə həm hava şəraitinin daha ağır keçməsi, həm də insanların həyatına daha çox çətinliklər gətirməsi ilə seçilir.

Kiçik çillənin daxilində keçirilən Xıdır İlyas bayramı xalq mədəniyyətində xüsusi yer tutur. Bu bayram Azərbaycanın müxtəlif bölgələrində fərqli adlarla tanınır, məsələn, bəzi yerlərdə “Xıdır Nəbi” adı ilə də adlandırılır. Xüsusilə Naxçıvanda bu bayram ənənəvi şəkildə qeyd edilir və fevralın 10-na qədər davam edir. Bayram bəzi bölgələrdə cümə axşamlarına təsadüf edir ki, bu da İslam dininin qəbulundan sonra formalaşmış bir ənənədir. Xıdır İlyas bayramı həm Novruz bayramına, həm də qədim inanclara dərin köklərlə bağlıdır. Şumer, Zərdüştlük, xristianlıq və İslam təsirlərini özündə əks etdirən bu bayram zamanla müsəlman ənənələri ilə harmoniya təşkil edib.

Xıdır İlyas xalq yaddaşında xilaskarlıq simvolu kimi yaşayır. İnsanlar bu bayramı yazın gəlişinə ümidlə bağlıyır və böyük səbirsizliklə qeyd edirdilər. Bayram zamanı evlərdə buğdadan hazırlanan qovğa və qovud xüsusi yer tutur. İnanca görə, bayram gecəsi qovud qapının kandarına qoyulur və Xıdırın boz atı ilə gəlib bu izləri yoxlayacağına inanılırdı. Əgər səhər oyananda qovudda izlər görünərdisə, bu, Xıdırın gəlişinin əlaməti kimi qəbul edilirdi. Bu cür inanclar çətin qış günlərində xalqın yazın gəlişinə olan ümidlərini artırırdı.

Kiçik çillənin bitməsi ilə Boz ay başlayır. Boz ay həm Novruzun yaxınlaşmasını, həm də təbiətin oyanışını simvolizə edən bir dövr hesab edilir. Bu ayda xalq arasında çox məşhur olan çərşənbələr qeyd olunur. Su, od, yel və torpaq çərşənbələri Boz ayın əsas mərasimləridir. Su çərşənbəsi ilə başlayan əsas mərasimlər torpaq çərşənbəsi ilə tamamlanır və baharın gəlişi böyük sevinclə qarşılanır.