Azərbaycan və Türkmənistan arasında iqtisadi, ticari, siyasi və mənəvi əlaqələr bütövlükdə Xəzər hövzəsi üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq göstərir. Xüsusilə “Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşmalar və sonrakı mərhələdə tərəflərin ortaya qoyduğu mövqelər xüsusi önəm kəsb edir.
Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Türkmənistan Xalq Məclisinin rəhbəri, Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana son səfəri və işğaldan azad edilmiş bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olması, Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin bariz nümunəsidir.
Onun sözlərinə görə, Türkmənistanın Avaza turizm zonasında Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşlər də əlaqələrin inkişafında mühüm rol oynayır. Bu kontekstdə imzalanan müqavilələr və razılaşmalar iki ölkə arasında siyasi münasibətləri daha da gücləndirir.
“Azərbaycan-Türkmənistan əlaqələri həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir. Dərin tarixi köklərə malik olan bu münasibətlər böyük gələcək perspektivlər vəd edir. Oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşü də bu istiqamətdə mühüm əhəmiyyət kəsb edəcək”, – deyə Tural İsmayılov qeyd edib.