Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları Ermənistan millisinə qalib gəliblər.
"Report" xəbər verir ki, qitə turnirində VI turun partiyaları keçirilib.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5:1.5 hesabıyla qalib gəlib.
VI turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da VI turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurub. 3:1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.