"Azərbaycan qonşu ölkələrlə münasibətlərin tarazlıqda qalmasına önəm verir"- Vüqar İskəndərov

"Azərbaycan qonşu ölkələrlə münasibətlərin tarazlıqda qalmasına önəm verir"- Vüqar İskəndərov
25 Yan 2025 15:32

"Xarici İşlər Nazirliyinin İranın müvəqqəti işlər vəkilini dəvət etməsi Azərbaycanın mövqeyini açıq şəkildə nümayiş etdirir. İlk növbədə, Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanan vacib bir məqam var."

Milli Məclisin üzvü Vüqar İskəndərov bunu News365.az-a açıqlamasında deyib. 

"Hazırkı dövrdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişaf etdiyi bir vaxtda, İran rəsmiləri tərəfindən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavininin qəbul edilməsi, orada bir sıra mühüm məsələlərin müzakirə olunması və iki ölkə arasındakı strateji əlaqələrin inkişafı üçün mühüm qərarların qəbul edilməsi müsbət məqam kimi qeyd olunub. Biz də bu inkişafı vurğuladıq.

Eyni zamanda, Azərbaycan tərəfi, rəsmi Bakı, İranın bəzi dairələrindən səsləndirilən əsassız və həqiqətə uyğun olmayan fikirlərə cavab olaraq öz mövqeyini bildirir. Çünki bu şəxslər, ümumiyyətlə, iki ölkə arasındakı münasibətlər barədə məlumatsızdırlar. Onlar nəyə əsasən danışdıqlarını və hansı fikirləri səsləndirdiklərini anlamırlar. Buna görə də Azərbaycan Prezidenti ilə bağlı təkrarlanan fikirlər əslində, iki ölkə arasındakı münasibətləri zədələyir.

Biz dəfələrlə bildirmişik ki, Azərbaycan qonşu ölkə ilə münasibətlərin tarazlıqda qalmasına və inkişaf etməsinə önəm verir. Təəssüf ki, İranın bəzi media qurumlarında və ya bəzi şəxslərin səsləndirdiyi fikirlər bu münasibətlərə zərər vurur. Bu cür fikirlərin səsləndirilməsinin arxasında kimlərin dayandığı da məlumdur – bu şəxslər ya hökumətə, ya da dövlətə yaxın çevrələrdir. Məsələn, onlar adətən imamlar, nümayəndələr və digər yüksək vəzifəli şəxslərdir.

Rəsmi Bakı isə İran rəsmilərinə açıq şəkildə bildirir ki, bu cür məsələlər artıq kifayətdir və rəsmi Tehran bununla bağlı addımlar atmalıdır. Əks halda, bu, iki ölkə arasındakı münasibətlərə ciddi zərər verə bilər.