2025-ci ildə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə ticarət dövriyyəsi 1,8 milyard dollara çatıb. Bu 2024-lə müqayisədə 53 faiz artım deməkdir. Prezident İlham Əliyev də çıxışında ticarətin 50 faizdən çox artdığını xüsusi vurğuladı.
Amma bir məsələ var ki, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 2025-ci ildə 48,9 milyard dollar olub. Mərkəzi Asiya ölkələrinin bu göstəricidə payı isə təxminən 3,7 faiz təşkil edir.
Yəni artım sürətlidir, lakin mövcud iqtisadi potensialla müqayisədə ticarətin həcmi hələ də böyük deyil.
Digər mühüm məsələ ticarətin strukturudur. Qarşılıqlı dövriyyədə idxal üstünlük təşkil edir. Azərbaycanın bu ölkələrə qeyri-neft-qaz ixracı isə 2025-ci ildə cəmi 5 faizdən bir qədər çox artıb. Deməli, ümumi ticarətin sürətli artması hələ Azərbaycan məhsullarının həmin bazarlarda eyni sürətlə möhkəmlənməsi demək deyil.
Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var. İlk növbədə, siyasi münasibətlər yüksək səviyyədədir. Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb.
Ən böyük imkanlardan biri və birincisi nəqliyyat və logistikadır. Mərkəzi Asiyanın Avropaya çıxışında Azərbaycanın tranzit imkanlarının genişlənməsi ölkəmizə həm əlavə gəlir, həm də yeni iqtisadi tərəfdaşlıqlar qazandıra bilər.
Və bir də qeyd edim ki Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yalnız tranzit ölkə və hazır məhsul alıcısı olmaqla kifayətlənmək istəmir. Birgə investisiya fondlarından istifadə etməklə ölkəmizdə istehsal müəssisələrinin yaradılması, həmin müəssisələrin həm Mərkəzi Asiya, həm də Avropa bazarlarına işləməsi daha böyük iqtisadi nəticə verə bilər.
Bildiyim qədər, deyəcəyiç, proses artıq başlayıb, amma daha dərindən və.əsaslı bu 5 ölkə üzrə Azərbaycanın ixrac imkanları ayrıca araşdırılmalı, hansı məhsulların hansı bazarlarda rəqabət üstünlüyünə malik olduğu əsaslandırılmış şəkildə müəyyən edilməlidir.
Çünki, məqsəd təkcə 1,8 milyard dollarlıq dövriyyəni artırmaq yox, həmin dövriyyədə Azərbaycan istehsalının və əlavə dəyərinin payını yüksəltmək olmalıdır.
Zənnimcə, Mərkəzi Asiya ilə iqtisadi münasibətlərin növbəti mərhələsində əsas uğur göstəricisi də məhz bu olacaq.
Eldəniz Əmirov, iqtisadçı