Bir zamanlar ümidlə əkilən, bol meyvə verəcəyi gözlənilən, lakin baxımsızlıqdan, yanlış budamalardan və susuzluqdan quruyub gedən bir ağac var. Adı – Azərbaycan futbolu.
Bu ağacın kökləri keçmişin xatirələri ilə qidalanır. Çempionlar Liqasının qrup mərhələsində boy göstərən Qarabağ, Avropa Liqasında sürpriz nəticələr verən Neftçi və Bakının stadionlarında bir zamanlar gur səslənən azarkeş nidaları... Lakin köklər nə qədər dərinə işləsə də, üst tərəf çoxdan çürüməyə başlayıb.
Bu ağacın gövdəsi idarəçilərdir. Əyri böyüyən, içini qurd basmış, özü də çürüyən bir gövdə. Əfsuslar olsun ki, bu gövdə ağacı yaşatmaq yerinə, onun qurumasına səbəb olub. İllərdir futbolun inkişafı üçün ayrılan pullar su kimi axıb gedib, lakin nə yeni budaqlar cücərib, nə də yarpaqlar canlanıb. Sanki bu gövdə suyu özü çəkib, köklərə heç nə buraxmayıb.
Budaqlar isə klublardır. Əksəriyyəti çürük, qırılmağa hazır. Bir-iki sağlam budaq – Qarabağ və bəlkə də Sabah – öz gücləri ilə nəyisə qorumağa çalışır, amma bu yetərli deyil. Çünki ətrafda olan digər budaqlar çoxdan quruyub və artıq ağacı çəkməyə gücləri çatmır.
Yarpaqlar futbolçulardır. Əksəriyyəti solmuş, keyfiyyətsiz və dözümsüz. Xaricə gedib inkişaf edən az sayda gənc istedadımız var, amma onlar da tez-tez bu çürük ağacın təsirinə düşüb saralır. Çünki onlara lazım olan qidalanma – keyfiyyətli məşq, düzgün taktika, futbol mədəniyyəti – bu ağacda yoxdur.
Meyvələr isə nəticələrdir. Və təəssüf ki, bu ağacın meyvə verməyə gücü qalmayıb. Əksinə, onun yerində yalnız solğun, çürümüş bir görünüş qalıb. Son Haiti məğlubiyyəti isə budaqdan düşən son yarpaq idi. Bu, Azərbaycan futbolunun nə qədər aciz, sistemsiz və ümidverici gələcəkdən məhrum olduğunu göstərdi.
Bəs nə etmək lazımdır? Bu ağacın artıq canlanması mümkündürmü? Açıq danışaq – bu qurumuş gövdəni sulamaqla, qurumuş budaqları qırmaqla bir şey dəyişməz. Yeni ağac əkmək, yeni köklər salmaq, yeni sistem qurmaq lazımdır. Çünki indiki ağac nə qədər suvarsan da, meyvə verməyəcək.
Azərbaycan futbolunu diriltmək üçün illərdir edilən kosmetik dəyişikliklər heç bir nəticə vermir. Çünki problem budaqlarda və yarpaqlarda deyil – köklərdən gəlir. Korrupsiya, maraqsızlıq, qeyri-peşəkarlıq – bu köklər dəyişmədikcə, yeni ağac əkmədikcə, Azərbaycan futbolu yalnız kölgə verən, amma meyvə verməyən bir quru ağac olaraq qalacaq.
Rauf Əhmədov