Süni intellekt insanları öyrədir

Süni intellekt insanları öyrədir
13:20

Süni intellektin sürətlə inkişafı təkcə texnologiya və əmək bazarını deyil, insanların bilik əldə etmə və öyrənmə münasibətlərini də dəyişdirir. Artıq ənənəvi olaraq bilik ötürülməsinin əsas istiqaməti sayılan “böyükdən kiçiyə” modeli öz yerini fərqli münasibətlərə verir.

Təhsil eksperti Etibar Əliyev bu məsələyə diqqət çəkərək məşhur amerikalı etnoqraf Marqaret Midin mədəniyyət nəzəriyyəsini xatırladıb.

Ekspert bildirib ki, Mid ötən əsrin 70-ci illərində yazdığı “Mədəniyyət və uşaqlığın dünyası” kitabında üç mədəniyyət tipini fərqləndirib: postfiqurativ, kofigürativ və prefiqurativ mədəniyyət.

“Postfiqurativ mədəniyyətdə uşaqlar əsasən öz sələflərindən, yəni böyüklərdən öyrənirlər. Kofiqurativ mədəniyyətdə uşaqlar və böyüklər daha çox həmyaşıdlarından öyrənirlər. Prefiqurativ mədəniyyətdə isə böyüklər həm də uşaqlardan öyrənirlər.

Bizim uşaqlıq dövrümüzdə ildırım çaxanda nənəm deyərdi ki, qaçın, televizoru söndürün. Məktəbdə və universitetdə oxuduğumuz illərdə isə bir çox məsələləri həmyaşıdlarımızdan öyrənirdik. İnformasiya cəmiyyətinin formalaşması ilə vəziyyət dəyişdi və böyüklər də uşaqlardan öyrənməyə başladılar”, – deyə Etibar Əliyev qeyd edib.

Ekspert bununla bağlı universitetlərdəki elmi mühiti də nümunə göstərib. Onun sözlərinə görə, dünyanın aparıcı universitetlərində 80-90 yaşlı professorlar bu gün də dərs deyir, elmi əsərlər yazır və öz biliklərini yeni nəsillə bölüşürlər.

“Başqa bir nümunə də var. Dünyanın aparıcı universitetlərində 80-90 yaşlı professorlar var ki, dərs deyirlər, kitablar yazırlar, gənc nəsillər üçün elmi populyarlaşdırırlar. Başqa sözlə, onlar postfiqurativ mədəniyyətin nümayəndələri sayılırlar”, – ekspert bildirib.

Etibar Əliyevin fikrincə, süni intellektin meydana çıxması ilə bu ənənəvi modellərin hər üçü yeni mərhələyə daxil olur.

“Süni intellekt dövrü Marqaret Midin hər üç mədəniyyətini sıradan çıxarır. Süni intellekt insanları öyrədir”, – deyə ekspert vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada