Yeni il yeni
planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs Yeni ilə yeni layihələr,
yeni arzularla qədəm qoyur. Amma bizim istəyimizdən asılı olmayaraq layihələrimizi
reallaşdırmaq üçün obyektiv faktorlar da vacibdir.
Elə isə
2026-cı ildə ölkəmizi nə gözləyir?
Bu və digər
suallarla REAL Partiyasının sədri Natiq Cəfərli ilə həmsöhbət olduq.
Həmin
müsahibəni təqdim edirik:
- Natiq bəy,
neft 2026-cı ildə ucuzlaşacaqmı?
-Bəli, bu il
neftin ortalama (illik) qiymətləri 45-55 dollar arası olacaq,
- Neftin
ucuzlaşması niyə baş verəcək?
- Dünyada
neft bolluğu yaşanır, hələ ki, OPEC+ süni şəkildə qiymətləri 60 dollar
civarında tuta bilib, amma, bu uzun müddət davam etməyəcək. Bundan başqa, bu il
ABŞ-da ara seçkiləridir, Respublikaçılara ucuz neft-benzin lazımdır, çünki,
orta statistik ABŞ seçicisinin xarici siyasət, Ukrayna, Rusiya, İran marağında
deyil, hər səhər maşınına vurduğu benzinin qiyməti onun qərar verməsində
birbaşa rol oynayır. Bundan başqa, ABŞ-da daxili yükdaşımaların 70%-ə yaxını
yük avtomobilləri ilə həyata keçirilir ki, bu da mal-məhsulların maya dəyərinə
ciddi təsir göstərir. Benzin və dizel yanacağı ucuzlaşdıqca, ölkə daxilində
qiymətlər də düşür, inflyasiya azalır ki, bu da seçkidə Respublikaçılar üçün əlavə
səs-seçici deməkdir,
- Azərbaycana
ucuz neft quymətləri necə təsir göstərəcək?
- Məmləkətin
problemi tək ucuz neft deyil, həm də hasilatın kəskin azalmasıdır. İndiki
primitiv iqtisadi modelə baxsaq aydın olacaq ki, neft 45-50 dollar arası olsa,
ÜDM göstəriciləri, maksimum, 1% civarında olacaq, ticarət dövriyyəsində mənfi
saldo yaranacaq, ölkəmizə daxil olan valyutanın həcmi azalacaq. Amma, ucuz
neftin birbaşa büdcəyə təsiri məhduddur – Neft Fondu neftin qoymətindən asılı
olmayaraq büdcəyə nəzərdə tutulduğu qədər pul köçürəcək. Büdcəyə təsiri neft
şirkətlərinin vergilərinin kəskin azalması ilə olacaq – bu il SOCAR, Bp (ABƏŞ)
və digər neft şirkətlərinin büdcəyə ödədiyi vergilər azalacaq,
- Yaxşı, Azərbaycan
hökuməti nə etməlidir?
- Qısa haşiə:
ötən həftə Özbəkistan prezidentinin qızı, bu ölkənin prezident
administrasiyasının rəhbəri Saida Mirziyoyeva böyük müsahibə verib və deyib ki,
ölkədə ciddi islahatlar olacaq və ilk növbədə məhkəmə və hüquq-mühafizə
orqanları dəyişəcək ki, iqtisadiyyatda ciddi artım baş versin. Bunu yazdım ki,
hökumət ilk addımı harda atmalı olduğunu bilsin-düşünsün. Bəli, iqtisadi
islahatlar məhz hüquq-mühafizə və məhkəmə orqanlarından başlamalıdır – bu birmənalı
olaraq belədir. Digər məsələ isə odur ki, Azərbaycanın 80 mlrd. dollara yaxın təhlükəsizlik
“yasdığı” var – hökumət bu “yasdıqdan” sadəcə “yatmaq” üçün istəfadə edir, bu
yolverilməzdir, 80 mlrd. dollar bizə 2-3 il rahat və sürətli islahatlar aparmaq
üçün sərbəstlik verir, bu fürsəti indi qaçırsaq, o yasdığı yeyib-bitirəcəyik,
sonra çox ağır durumla qarşı-qarşıya qalacağıq.
Hökumətin əsas
yanlışı odur ki, büdcə gəlirlərinin azalmasını 1 nömrəli problem kimi görür, bu
məsələni həll etmək üçün daha böyük yanlışa gedərək vergi-rüsum-cərimələri
artırır. Halbuki, ölkənin 1 nömrəli problemi iqtisadi aktivliyin, əlavə dəyərin
yaranma sürətinin zəifləməsidir!
Hökumət
baxışını, prioritetlərini dəyişməlidir, əsas prpblemi iqtisadi daralma kimi
görsələr, ilk bu məsələni həll etmək üçün addımlar atmaq lazım gələcək ki, bu
da, tam tərsinə, vergi-rüsum-cərimələrin azalmasını mütləq edir.
Bəli, bu
zaman ilk 2 ildə büdcəyə daxilolmalar azalacaq, amma bunun üçün də 80 mlrd.
dollarlıq “yasdıq” var. Sonra hər şeyi doğru etsək, cəmi 2 ilə iqtisadi
aktivliyin, əlavə dəyər yaratma sürətinin artması hesabına büdcəyə indikindən
daha çox daxilolmalar baş verəcək – bəli, daha az vergi-rüsum-cərimə dərəcələri
ilə daha çox pul yığmaq mümkündür! Bunu sübut etməyə hazıram - yığışsınlar, dəvət
etsinlər, 2 saata fikrlərimi əsaslandırım!
News365.az