Uşaqlıqdan oxuyarkən hər dəfə kövrəldiyim iki əsər və bu əsərlərin iki epizodu var idi. Onlardan biri Süleyman Sani Axundovun “Qaraca qız” əsərində Piri babanın Qaraca qızın ölümündən sonra söylədiyi həmin məşhur ifadədir: “Daxmamın bülbülü uçub getdi.”
İkinci epizod isə Mirzə Cəlilin həyatının son günləri ilə bağlı Həmidə xanımın xatirələrində yer alan səhnədir: onun sobanı qalamaq üçün əl yazılarını yandırması və son dəfə kamança çalması…
“Bir axşam
Mirzə Cəlil,
Əl yazılarını yığıb
sobanı qaladı;
Kimsə yan otaqda
İçin-için ağladı”...
Yeniyetmə çağların duyğuları içində mənim poetik dillə təsvir etməyə çalışdığım üşüyən Azərbaycan yazarlarından biriydi Mirzə Cəlil obrazı. Biri şeirlərini satışa çıxarmışdı – çörək üçün; çünki ac idi. Biri ǝl yazılarını yandırmağa götürmüşdü; çünki üşüyürdü... Mən Mirzə Cəlili həmişə üşüyən görmüşəm. Həmişə qızınmaq üçün nəyisə yandırmalıydı sanki... Ürəyindən tutmuş əl yazalarına qədər…
Maraqlısı odur ki, Mirzə Cəlili oxuyarkən də hər zaman qaranlıq bir məkanda üşüdüyünü hiss edirsən.
“Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahu əkbər! Allahu əkbər”! Xatirələri belə başlayır. Gördüyü qaranlığı aydınlada bilməyən “Allahu əkbər!” çağırışının hikmətinin necə təhrif olunduğu bir cəmiyyətin hədəflərinin, dəyərlərinin üzərinə getməyə qərar verir. Azərbaycan ədəbiyyatında, ictimai-siyasi mühitində öz xalqının düçar olduğu geriliyə, “qazandığı” eyiblərə ən sərt formada, sistemli şəkildə hücum edən, onları amansızcasına qamçılayan ikinci belə bir şəxsiyyət tapmaq çətindir. Eyni zamanda Novruzəliyə də, Məhəmmədhəsən kişiyə, Usta Zeynala, Nazlıya, Saqqallı uşağa da sevə-sevə acıyan bir düşüncə adamı ilə söhbətləşirsən sanki...
Yaşamımızda dini mərasimlərin əsirinə çevrilib onu dinin əsas mahiyyəti kimi görmək gerçəkdən düşüncəmizdə böyük itkilərə yol açıb. Mirzə Cəlil kimi bir düha bu itkini duyaraq “Gözümü açandan “Allahu əkbər!” sədası eşitmişəm və dünyanı qaranlıq görmüşəm” deyib həyat yolunun başlanğıcını xatırladırdı. Mirzə Cəlili buna görə ittiham etməyə gərək yox!.. İnanın, mən də İslam haqqında təsəvvürüm olmayanda, eyni duyğuları yaşamışam. Qaranlıq, matəm, saxta ağlaşmalar, əsrlər öncənin qisasçılıq, nifrət aşılayan – teatrlaşdırılmış səhnələri, müxtəlif adların xatirinə verilən ehsanlar, nəzirlər, “bircə məhərrəmlikdə araq içməyən” kişilərin qürrələnməsi, qızıldiş və qarnıyoğun “uçastkovu”nun xəbərçisi olan molla siluetləri, daha nələr, nələr...Mirzə Cəlil özünün də yazdığı kimi, gözünü açandan dünyanı qaranlıq görmüşdü. Bu, dünya nə Avropa, nə də Qafqaz idi. Bu, Azərbaycan türklərinin yaşadığı bütün areal idi - Təbrizdən, Ərdəbildən, Mərənddən başlamış Bakıya, Gəncəyə, İrəvana, Borçalıya qədər bizim nənə-babalarımızın- dünyası idi. Bir yanda yalnız qalan hansısa Rus Əhməd, digər yanda da, sayı onminlərə çıxan Molla Sadıx və onun “sufi meyxana komandası”... Mirzə Cəlil dönəmində ədəbiyyatının əsas vəzifəsi bu tarazsızlığı qismən dəyişmək, bundan da önəmli iş isə Axundovun başladığı ədəbi dili daha cilalanmış şəkildə yeni ədəbi mətnə uyğunlaşdırmaq idi. O dönəmin əsas problemi savadsız bir topluma yemək üçün qaşıqla davranmağı, oxumaq üçün əlifbanı əzbərləməyi öyrətmək idi. Mirzə Fətəli xalqı mundirinin arxasından silkələyib, qamçılayıb yenidən mundirin arxasında gizlənirdi... Rus hökuməti onu məmur kimi qoruyurdu deyə, cəhalətin qurbanına çevrilmirdi. Mirzə Cəlil və onun kimilər isə belə qorunma imkanı olmadan və cəhalət daşıyıcıları ilə eyni şəhərdə, küçədə yaşayırdı. Onlar elə bir üslubda xalqın sosial-mədəni strukturunu söküb dağıtmalıydı ki, özlərinin də başına dini xəncərimiz, Xudayar bəyin milli dəyənəyi dəyməsin. Ona görə Mirzə Cəlillər problemi Axundovun yarımciddiliyi ilə çözə bilməzdi, onlar mütləq Molla Nəsrəddin mizahından qəlblərə yol tapmalıydı. Mirzə Cəlil hər şeydən öncə oxucu ilə söhbətləşən, oxucunu hadisənin içinə gətirməyi bacaran əsrarəngiz qabiliyyətə sahibdiydi. Onun yaşadığı cəmiyyətdə bütün subyektlərin hədəfləri qeyri-insani və ya mənasızdır. İnsanlar ömürlərini absurd dəyərlərə həsr edərək dünyadan köçür. Xudayar bəy Məhəmmədhəsən kişinin eşşəyini Zeynəbi siğə etmək məqsədi ilə satır, Məhəmmədhəsən kişi eşşəyi Kərbəlaya ziyarət üçün göz bəbəyi kimi qoruyur, Novruzəli xanın məktubunun müqəddəsliyinə inanmağı əsas vəzifə olaraq görüb rus məmuru ilə yumruq davasına çıxır və s...Eyni absurd yaşamı sezmək üçün “Tərcümeyi-halim”in başında gələn cümlə quruluşuna və mövzuya bir diqqət yetirmək olar: “Və yuxu kimi gəlir ki, o vaxtlar, yəni 50 il bundan qabaq, yəni mən balaca məktəb uşağı olduğum zamanlar evimizdə, küçədə, məktəbdə, bazar və dükanda gördüklərim və eşitdiklərim ancaq məscid söhbəti olardı, minbər söhbəti olardı, namaz idi, oruc tutmaq, əhya saxlamaq idi, vəz və mərsiyə idi. Sübhdən axşamadək gördüklərim kişilər və övrətlərin sübhdən axşamadək məşğələləri məhz namaz qılmaq, oruc tutmaq, genə namaz, genə oruc, məscid, qurban kəsmək, imam təziyəsi, qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı”.
Mirzə Cəlil buradan başlayır. Mirzə Cəlil hədəfini dəqiq seçib. Ona görə də aktualdır. Ona görə dünən də, bu gün də yasaqlıdır. Bu gün kimsə cəsarət edib “Dəli yığıncağı”nı olduğu kimi tamaşaya qoya bilməz. Cəmiyyətimizin düşüncə sistemi, iman anlayışı yüz illər bundan öncəsindən köklü şəkildə fərqlənməməkdədir və bu cəmiyyətin içindən yeni Şeyx Nəsrullahların çıxması gözləniləndir. Ona görə ki, Şeyx Nəsrullaha qarşı çıxan qəhrəman da araq şüşəsinin dibindən çıxan İsgəndərdir. “Sizin kimi camaatın qəhrəmanı da mənim kimi olar” nöqtəsini qoyarkən sanki yüz illərin dəyişməyəcək anlayışlarını uzaqgörənliklə yaratmışdır. Bu gedişlə, Mirzə Cəlilin “Azərbaycan” məqaləsini yüz il sonra da yanğı ilə cəmiyyətimizə üz tutub oxumaq mümkün olacaqdır. Mirzə Cəlil türk ailəsi içindən ayrı bir dini və milli kimlik olaraq ortaya çıxan Azərbaycan topluluğunun çağdaş dilinin memarıdır. Uzun illərin ümumtürk ədəbi dilini formalaşdırmaq istəyən aydınlarla apardığı söz mübarizəsində, əslində, qalib gələn Mirzə Cəlil oldu. Sanki Osmanlı türkcəsinin reformasiyasını irəlicədən görərək, Azərbaycan türkcəsini ayrıca bir şöbə olaraq şəkilləndirməyi intuitiv olaraq hədəf seçmişdi. Mirzə Cəlil ərəb, fars, moltanı qarışıqlığı içində, əslində, yeni ləhcə deyil, məhz türk dilinin müstəqil, çağdaş qolunu yaratmaq yolunu tutmuşdu.
Mirzə Cəlilin istər “Xatirələr”inin, istər də “Tərcümeyi-halim”in bəlkə də əsas məzmununun dini düşüncə və həyat yönümüzə aid olması onun Azərbaycan probleminin mahiyyətini dəqiq tutmasından xəbər verir. Mirzə Cəlil Mirzə Fətəlidən fərqli olaraq, inkarçı deyil, etirazçıdır. Axundov üçün dinin təməli, prinsipləri yanlışdır və cəhalətin qaynağı İslamın özü və Peyğəmbər Məhəmmədin şəxsiyyətidir. Axundov bu dinə qarşı protestantlıq ideyasını qoyurdu. Mirzə Cəlil üçün isə İslamın təməlinə duyarsızlıq yoxdur, bidət, mərasim, mövhumat çirkabı ilə öz mahiyyətindən uzaqlaşması əsas problem olaraq görülür.Onların maarifçi-demokrat adlandırılması sovet sisteminin bu adla Əhməd Ağaoğlunun, Əli Bəy Hüseynzadənin burjua-demokrat tanıtımına alternativ olaraq nəzərdə tutulurdu. Mirzə Cəlilin savaşı birbaşa cəhalətlə idi, Axundovdan fərqli olaraq İslamın mahiyyətini deyil, onun tətbiqinin yaratdığı faciəni çılpaq şəkildə ortaya qoyurdu. Bu həqiqətən də “Molla Nəsrəddin” və başqa qəzet-jurnallar ətrafında şəkillənən böyük, cəsur bir hərəkat idi; ancaq bu hərəkatın fəlsəfi sistemi formalaşmamışdı və formalaşa da bilməzdi. Çünki prosesin başında yazarlar, pedaqoqlar, sənət adamları dururdu, onlar üçün əsas vəzifə problemin çılpaq şəkildə açılışı və maarifçiliyə çağırış idi. Bu çağırışın elmi sistemə salınması üçün Russo, Volter, Didro kimi filosoflar tələb olunurdu, bizdə isə Axundovdan sonra bu missiyanı üzərinə götürəcək kimsə yox idi. Belə bir missiyanın iflasa uğramasının əsas səbəbi yuxarıda vurğulanan amil olsa da, burada obyektiv amili də unutmaq olmaz. Mirzə Cəlillər din adı ilə azərbaycanlıların yaşadığı vəhşəti ifşa edə bilərdi, lakin heç bir halda milləti bu dinin sağlam təməlinə, onun ədalət anlayışına qaytara bilməzdi.
Maarifçilərin tənqid etdiyi din, əslində, Peyğəmbərin təbliğ etdiyi gerçək mahiyyətə uyğun İslam dini olmayıb. Bu azərbaycanlıların dünən də, bu gün də yaşadığı ənənəvi spesifik cəhalət, nadanlıq dini olan “İslam”dır. Burada necə müsbət obraz tapa bilərsən ki?!. Baş – düşünmək üçündür, adam xəncər götürüb onu yarır! Din – özünü islah etməyi, ədalətli insan olmağı tələb edir, adam əsrlərdir teatr düzəldib ağlayır, sızlayır, başqasını da ağlatmaq üçün mərsiyə deyir. Din – adamdan əxlaqını, etibarlılığını, tolerantlığını təkmilləşdirməyi tələb edir, adam gedib saqqalının uzunluğu ilə, şalvarının qısalığı ilə öyünür. İslam – qadına hürr iradə bəxş edir, bu gedib onu çadranın altına soxub təhsilsiz qoyur. Bizdə yenə Məhəmməd Əmin bəyin, Üzeyir bəyin Azərbaycanında bu anormallıqları (işğalçı da olsalar) Çar Rusiyasının və Sovet bolşevik dini sisteminin hesabına müəyyən dərəcədə dəyişmək mümkün oldu. İndiyədək Azərbaycanın ədəbiyyat sferasında (tariximizdə) olan Mirzə Cəlil, Sabir, Haqverdiyev, Nərimanov, Üzeyir bəy kimi yazarlara müqabil, dini sferada gerçək islahatçı din adamına rast gəldinizmi? Paradoksaldır ki, hər zaman zəncirin, ələmin, xəncərin, “İŞİD”, Hizbullah, Taliban avtomatının zərbəsinin altına dövrün yazarları, düşüncə adamları canını, kəlləsini qoyub!.. Ona görə də, milləti yanlış “İslam”la, ənənəvi “İslam”la öz dinindən bezdirən bir zümrəyə lağlağıdan başqa hansı münasibət sərgilənməliydi?İslam mənim də inancıma görə, həqiqətən bir ədalət dinidir, elmi biliklər qazanmağa, insan əxlaqını təkmilləşdirməyə, düşünməyə, faydalı olmağa, dəyərlərini paylaşmağa sövq edən dindir. Xalqımızın önəmli kəsiminin dünən də, bu gün də “yaşadığı” “din” öz əslindən uzaqlaşdırılmış, necə deyərlər, anti-dinə çevrilmiş və bizi, vətənimizi, dövlətimizi, çağdaş dəyərlərimizi potensial çöküşə hazırlayan bir virusdur. Hazırda bu virusu zərərləşdirə biləcək, cəmiyyətin sosial orqanizmindəki sərbəst radikalları məhv edən antioksidantlarla çıxış edəcək Mirzə Cəlillərin, Sabirlərin yetərsiz olması da günümüzün ayrıca və acılı bir problemidir...
Cəmiyyətin aydınlanması üçün fədakarlıq birinci növbədə fərdi məsuliyyət hissiylə bağlı məsələdir. Avropalının da gücü ondadır ki, onun alimi də, yazarı da “ildırımötürən” məsuliyyəti daşıyır. Bizdə “ildırımötürən” funksiyası daşıyan adamların sayı çox deyil. Mirzə Cəlil də məhz “ildırımötürən”dir. Bir nəsildən o biri nəslə nəyisə verməyi özünün borcu sayan, o “cərəyan şiddəti”ni alıb, özünü yandıraraq başqa bir enerjiyə - işığa çevirib cəmiyyətə verən adamdır. Ancaq indiki dövrdə bu funksiyanın qarşısını alan titullardır. Qərbdə titul yarışı olmadığına görə orda ancaq ədəbiyyat-mədəniyyət yarışı gedir. Biz sovet dövründən çıxdığımız üçün sənət adamları arasında titul davası hələ də səngimək bilmir ki bilmir...
Mirzə Cəlil istədiyi kimi gülə bilir – “Molla Nəsrəddin”də. Mirzə Cəlil istədiyi kimi, yalnız gözləri ilə deyil, bütün varlığıyla qan-yaş tökə bilir – “Danabaş kəndinin əhvalatları”nda... Mirzə Cəlil nadanlıq mazoxizmi yaşayan cəmiyyətə tüpürə bilir – “Ölülər”də... Mirzə Cəlil bizlərə cəmiyyətin sağalması üçün hər cür müalicəni məqbul sayan bir ictimai təbib xarakteri təqdim edir.
Mirzə Cəlilin çox vaxt tuş gəldiyi ittihamların içində “xalqımızı aşağılayıb” kimi absurd ifadə yer alır. Bunu daha çox “Usta Zeynal” və “Kamança” əsərlərinə görə səthi irad kimi səsləndirirlər. Bəyəm kim deyib ki, yazıçının missiyası xalqı yuxarılamaqdır? Cəmiyyətin çatışmazlıqlarını, bədnam cəhətlərini siyasətçi dilə gətirəndə səs itirər, mövqe itirər, daha çox təzyiqlə qarşılaşar. Bunu yazıçıdan başqa kim daha mükəmməl edə bilər ki? Usta Zeynalı Muğdisi Akopdan necə üstün göstərə bilərsən ki? Bu bir xalqın aşağılanması sayılmaz ki? Sadəcə təhsilli erməni ilə təhsilsiz azərbaycanlının fərqi kimi anlaşılmalıdır. Usta Zeynalın qarşısında gürcü, rus və ya başqa millət olardısa, biz artıq belə aşağılanmış sayılmayacaqdıq?
Mirzə Cəlilin gülüşündə ürəyinin qanı axır, o qan ki, “Danabaş kəndinin əhvalatları”nda Zeynəbin gözündən axan yaşa qarışıb, cahil oğlu Vəliqulunun üstünə tökülürdü...
Ədib bir hekayəsində diskussiya mövzusu şeytanın əməlləri olan kəndlilərimizi vətənin taleyindən danışan erməni kəndliləri ilə müqayisə edir; məgər bu gerçəkliyi gizlətməklə o, bizə daha çoxmu fayda verəcəkdi? Mirzə Cəlil xalqa yalandan paltar geydirməyib, bər-bəzək taxmayıb, olduğu kimi göstərib. – Göstərib ki, utandırsın, utandıraraq dəyişdirsin, dəyişdirərək yeniləşdirsin və bununla da rəqabətədavamlı hala gətirməyə kömək etsin. Bu kimlər üçünsə ruhdansalma, aşağılanma kimi görünə bilər, ancaq Mirzə Cəlil üçün alternativsiz metod idi.
Təsəvvür edin ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində müstəqil Azərbaycan dövləti yox idi və bu aydınları hər nə qədər Çar Rusiyasının qanunları qorusa da, cəmiyyətdə savadsızlıq, cəhalət səviyyəsi yüksək olduğuna görə anladıqlarını, ürəklərindən keçənləri sətiraltı, dolayı yolla çatdırmağa çalışırdılar. Mirzə Cəlil Kefli İsgəndərə çaxır içirməsəydi, Şeyx Nəsrullah Azərbaycana gələn günü hacılar, kərbəlayilər, məşədilər İsgəndərin ifşalarını ciddiyə alıb, onu dərhal məhv edərdilər. Bu gün arxamızda Azərbaycan dövləti və qanunları durduğuna görə hələlik bunlar zəncirləri dövlətə və aydınlara qarşı çevirməyə cəsarət etmir. Hələ ki, öz başlarına vururlar, əllərində fürsət olan kimi həmin zəncirləri bu dünyəvi dövlətin, gerçək İslamın qoruyucularının vücuduna çırpmayacaqlarmı?..
Bu gün Azərbaycan cəmiyyətinin əksəriyyəti Mirzə Cəlilin hansısa bir personajıdır. Amma onların hansını dindirsən, “Allah Mirzə Cəlilə rəhmət eləsin!” deyib, öz “işində-gücündə” olmağa davam edəcək. Halbuki Mirzə Cəlil həm də günümüzün oxumuşundan, Usta Zeynalından, bu Novruzəlisindən, Xudayar bəyindən, Zeynəbindən yazıb. Bu gün novruzəlilərin əksəriyyətinin diplomu, titulları var. O zamanın Novruzəlisi üçün Mirzə Cəlil kim idisə, bu günün diplomlu Novruzəlisi üçün də həmin təhlükəli personadır. Yəni demək istəyirəm ki, cəmiyyətimizi birdən-birə yeni fikrə alışdırmaq çətindir. Mirzə Cəlil lokal yazar deyildi. Onun qədər qlobal mövzunu lokal mühitlə uzlaşdıran çox az qələm adamı tapmaq olar. Bu qədər sadə təsvir üslubunda yaratdığı obrazları günümüzə qədər məişətimizdə yaşadan neçə belə yazarımız olub? Hər halda Mİrzə Cəlil qüdrətində ikincisini mən xatırlaya bilmirəm. Məgər “Ölülər”, “Dəli yığıncağı”, “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı”, “Azərbaycan” yaşamımızın hansı sferasında aktuallığını itirib? Mirzə Cəlilin həyat və yaradıcılığı Azərbaycan xalqı üçün (bundan sonra cüzi dəyişikliklərə məruz qalacaq) “Britaniya Ensiklopediyası” kimi bir dəyərdir. Əgər biz sağalmırıqsa, bunun günahı Mirzə Cəlildə deyil axı...
Günümüzdə belə, eyni problemləri yaşamırıqmı?. Çağdaş azərbaycanlılar da iki tipə bölünür: birincisi, Üzeyir bəy modelli dini, milliliyi və çağdaşlığı varlığında yaşadan azərbaycanlılar; ikincisi, Usta Zeynalın, Şeyx Nəsrullahın, Xudayar bəyin İslam adına yaşadığı dinə bağlı azərbaycanlılar.
Üzeyir bəy modelli missiya bu gün də məğlubiyyətə məhkumdur, çünki İslamın düşüncə azadlığını və ədalət anlayışını toplumumuz sevmir, onun zəncir və saqqal tərəfinə dəyər verir. Qısaca söyləsək, hazırda Üzeyir bəy obrazı yenə də yazı yaza bilən, hətta fəlsəfə doktoru diplomu olan Novruzəli obrazına uduzur.
Xatırlayırsınızsa, Şeyx Nəsrullah da “Ölülər”də doqquz yaşlı qız uşaqlarına təcavüz edəndə məhz siğənin kəramətini xatırlatmışdı. Dünənsə (mən bu sətirləri yazandan bir gün öncə isə), yəni aprelin 7-i Mirzə Cəlilin öndərliyində “Molla Nəsrəddin”in “Sizi deyib gəlmişəm!” hayqırtısının başlandığı gün idi. Azərbaycan adlanan məmləkətin tarixində qlobal bir şüur dəyişikliyi etmək üçün yola çıxan əliqamçılı demokratik-maarifçi babalarımızın o hayqırtısı eşidildimi?
XXI əsrdən bir də dönüb geriyə baxdıqda görəcəksiniz ki, demokaratiyanın da, İslamın da imitasiyasını yaşayaraq, qoca Molla Nəsrəddinin bütün sözlərini qulaqardına vurmuşuq. Qonşu Şərq ölkələrində mövcud olan yaramazlıqları İslam adı ilə bu cəmiyyətə gətirmək istəyənlərə qarşı dirənişimizi göstərməliyik. Nadanlara söyləməliyik ki, İslam dini ona görə nikahı ali dəyərlərdən biri kimi təqdim edib ki, ailə təməli möhkəm olsun, cəmiyyətdə əxlaqsızlıq baş alıb getməsin.
Mirzə Cəlilin başladığı nöqtəyə (daha doğrusu, nidaya!) bir də qayıtmalıyıq. Dələduz Şeyx Nəsrullahın qarşısına Kefli İsgəndərlə çıxılan bir cəmiyyət dəlilər yığıncağı olaraq öz natamam şifrələrini çözə bilməyəcək. Kefli İsgəndərin tüpürcəyini üzümüzdən silib, Anamızın Kitabını bir də oxumalıyıq...
Fazil Mustafa, Millət vəkili