"Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib".
News365.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu məlumat verib.
O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb:
"Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı, 100 faiz tıxanıqlıq və tromb var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir".
***
Ötən gün xəstəxanaya yerləşdirilən müğənni Akif İslamzadənin ürəyinə stend qoyulub.
Bu barədə News365.az-a onun oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, hazırda atası Mərkəzi Gömrük Hospitalında müalicə alır: “Daha öncə belə bir hal yaşanmamışdı. İlk dəfə idi ki, infarkt keçirirdi. Dünən xəstəxanaya yerləşdirdik, axşam isə ürəyinə stent qoyuldu. İndi də həkimi gözləyirik ki, gəlib vəziyyəti ilə bağlı məlumat versin”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var. O, Sara Qədimova və Qədir İslamzadənin övladıdır. 120-dən çox mahnının ifaçısı olan müğənni 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.