Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, “Saipa” markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.
Bu barədə “BakuBus” Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, “BakuBus” MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı “Neoplan” markalı avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.
Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.