Amerika Birləşmiş Ştatları uzun illərdir Yaxın Şərq ölkələrində formalaşdırdığı hakimiyyətlər üzərində təsirini zəif nöqtələrdən istifadə edərək genişləndirir.
Bu barədə politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ istər İraqda, istər Suriyada, istərsə də Liviyada müxtəlif anlaşmalardan sonra əldə olunmuş öhdəliklərə deyil, əks tərəfin zəif cəhətlərinə fokuslanaraq öz məqsədlərinə çatmaq üçün ardıcıl və qətiyyətli addımlar atıb:
“Məqsəd konkret olub – bölgədə siyasi güc balansını öz maraqları çərçivəsində formalaşdırmaq. İran da vaxtilə bu cür alətlər yaradıb. Söhbət proksi qüvvələrdən gedir. Uzun müddət bu qüvvələrə ‘xalqın müqəddəratını təyin etmə hüququ’ adı altında legitimlik qazandırılmağa çalışılıb – məsələn, Hezbollah Livanda, Həmas Fələstində, Husilər Yəməndə.”
Taleh Əliyev qeyd edib ki, belə bir mühitdə danışıqlar yalnız Tehranla deyil, bu proksi qüvvələrin mərkəzləri ilə də aparılırdı:
“Əgər yekun qərar vermək lazım idisə, təkcə İranla yox, həmin qurumların yerləşdiyi mərkəzlərlə də danışıqlar aparılırdı. Bu, İranın strateji oyun planı idi.”
Politoloq əlavə edib ki, hazırda pərdəarxasında ABŞ, İsrail və bəzi digər qüvvələr İranı zəiflətmək üçün müxtəlif cəbhələrdən fəaliyyət göstərirlər:
“Hətta nüvə danışıqları məsələsi gündəmə gəlsə belə, bu, paralel olaraq İranı son məğlubiyyətə sürükləməyə yönəlmiş daha geniş planın bir hissəsi ola bilər.”