"Zaporojye istiqamətində irəliləmək Rusiya ordusunun əsas hədəflərindən biridir."
Politoloq Əhməd Şahidov bu sözləri News365.az-a deyib.
Rusiya hazırda Ukraynanın təxminən 20%-ni nəzarətdə saxlayır. Bu ərazilərə Krım, Luqansk və Donetsk vilayətlərinin böyük hissələri daxildir. Bu gün, yəni Pasxa atəşkəsinin elan olunduğu gündə belə, Donetsk vilayətinin hələ Ukraynanın nəzarətində olan ərazilərinə hücumlar davam edir. Xüsusilə Nova Mikhailovna kəndinə hücum edilib və bu ərazi Rusiya qüvvələrinin nəzarətinə keçib.
Donetsk və Luqansk vilayətlərinin tam nəzarət altına alınması, həmçinin Zaporojye istiqamətində irəliləmək Rusiya ordusunun əsas hədəflərindən biridir. Rusiya fürsət düşdükcə daha çox əraziləri zəbt etməyə və bununla da danışıqlar masasındakı mövqeyini gücləndirməyə çalışır. Eyni zamanda, paytaxt Kiyevə qarşı hava hücumları həyata keçirməklə Ukrayna rəhbərliyinə təzyiq göstərməyə cəhd edir.
Rusiya bu yolla ABŞ-ın təklif etdiyi şərtlər əsasında danışıqlarda Ukraynanı razılığa gəlməyə məcbur etmək istəyir. Hazırda ABŞ administrasiyası bir sıra məsələlərdə, dolayısı ilə, Rusiyanın maraqlarına uyğun addımlar atır və Ukraynaya siyasi təzyiqlər göstərir. Bu təzyiqlər arasında işğal olunmuş ərazilərin Rusiya torpaqları kimi tanınmasına yönəlik təkliflər də var.
Eyni zamanda ABŞ və Ukrayna arasında təbii sərvətlərin istismarı ilə bağlı təqribən 500 milyard dollarlıq müqavilələrin imzalanması müzakirə olunur. Lakin hələlik danışıqlar masasında konkret bir nəticə əldə olunmayıb."