"Tramp “qırmancla” təzyiq edir, sonra kompromisə çağırır" Elman Nəsirov

"Tramp “qırmancla” təzyiq edir, sonra kompromisə çağırır" Elman Nəsirov
19 Apr 2025 15:18

"Trampın 2017–2021-ci illərdəki prezidentlik dövrünü ciddi araşdırdıqda, xüsusilə də artıq növbəti seçkilərə 100 gün qalmış bir vaxtda, belə bir qənaətə gəlmək mümkündür ki, Tramp öz xarici siyasətində müəyyən taktiki yanaşmalara üstünlük verirdi."

News365.az xəbər verir ki, Millət vəkili Elman Nəsirov bu sözləri Tv365 kanalında deyib. 

"O, qarşı tərəfə qarşı əvvəlcə maksimum təzyiq siyasətini işə salır, təzyiqlərin miqyasını artırır, sonra isə müəyyən yumşalma elementlərini gündəmə gətirərək qarşı tərəfdən güzəşt gözləyirdi. Yəni sadə dillə desək, əvvəl “qırmancla” təzyiq edir, sonra “kökə” göstərərək kompromisə çağırırdı.

Bu siyasətini biz bir neçə nümunədə müşahidə etmişik. Həm Rusiya ilə münasibətlərdə, həm də beynəlxalq danışıqlarda Tramp bu yanaşmadan istifadə edib. Rusiya Prezidenti ilə iki dəfə telefon danışığı aparıb, eyni zamanda əvvəlki illərdə İstanbulda və digər yerlərdə ABŞ ilə Rusiya arasında diplomatik danışıqlar baş tutub.

Tramp dəfələrlə Vladimir Putin haqqında müsbət fikirlər səsləndirib və indiki dövrdə də konkret fikirlər irəli sürür. Özünü Rusiya-Ukrayna müharibəsini bir günə həll edəcək lider kimi təqdim edən Tramp, bu gün həmin vədin reallığa çevrilmədiyinin fərqindədir.

Vəziyyətin mürəkkəbliyi isə ondan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna sülh istədiklərini desələr də, onların bu sülhə yanaşma tərzləri tamamilə fərqlidir.

Rusiya deyir ki, sülh istəyir, amma Zelenski administrasiyası ilə sülh müqaviləsi imzalamaq istəmir, çünki onları legitim hesab etmir. Zelenski isə bildirir ki, biz sülh istəyirik, amma bunun üçün ilk növbədə atəşkəs əldə edilməli və sonra sülh müqaviləsi imzalanmalıdır. Bu müqavilədən yalnız 6 ay sonra Ukraynada prezident seçkiləri keçirilə bilər.

Tramp isə hər iki tərəfin mövqeyini diqqətlə izləyir və anlayır ki, onların baxışları bir-birinə tamamilə ziddir. Heç biri güzəştə getmək istəmir və buna görə də proses dalana dirənir. "


Sizin reklam burada
Sizin reklam burada