Dünyada 1,4 milyarddan çox olan katoliklərin ruhani lideri, Vatikan dövlətinin başçısı Papa Fransisk bu gün 88 yaşında dünyasını dəyişib.
Onun vəfatından sonra Katolik Kilsəsinin növbəti rəhbərinin necə seçiləcəyinə və qarşıdakı mərasimlər müzakirə edilir.
Katolik inancına görə, Papa yalnız Vatikanın deyil, bütün katolik dünyasının mənəvi lideridir və Həzrət İsanın ən yaxın həvarilərindən biri olan Müqəddəs Pyotrun yer üzündəki varisi sayılır. Bu isə Papalığı Katoliklər üçün ali dini və əxlaqi nüfuz mərkəzinə çevirir.
Papa vəfat etdikdə ya da istefa verdikdə, Vatikan qanunvericiliyinə əsasən “Sede Vacante” — yəni “boş vəzifə” dövrü başlayır. Bu mərhələdə Papalığın müvəqqəti idarəsini “Kamerlengo” (Papanın vəkili) adlanan kardinalların biri öz üzərinə götürür. Hazırda bu vəzifəni yerinə yetirən İrlandiyalı Kardinal Kevin Cozef Ferrell bu səhər Papa Fransiskin vəfatını rəsmi olaraq elan edib.
Onun əsas vəzifələri arasında Papa Fransiskin ölümünü təsdiqləmək, papalığın simvolu olan “balıqçı üzüyünü” məhv etmək, Papa rezidensiyasını möhürləmək və rəsmi şəkildə “Sede Vacante” rejimini elan etmək var.
Papa Fransiskin vida mərasimi öz istəyi ilə olduqca sadə şəkildə keçiriləcək. O, daha əvvəl verdiyi müsahibədə Vatikanın dəbdəbəli mərasimləri əvəzinə, təvazökar bir vida istədiyini bildirmişdi. Həmçinin Fransiskin məzarı da ənənələrin əksinə olaraq Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasında deyil, Romada özəl dualar etdiyi və sükutla təfəkkür etdiyi Santa Mariya Maçyore Bazilikasında yerləşəcək. Bu da onu bir əsrdən çox müddətdən sonra Vatikan xaricində dəfn olunan ilk Papa edəcək.
O, həmçinin əvvəlki papalarda olduğu kimi üç qat tabut deyil, sadə taxta və sinklə örtülmüş bir tabutda dəfn edilməyi tapşırıb
Papa Fransiskin dəfnindən sonra Kardinallar Məclisi toplanacaq və yeni Papa seçimi mərhələsi — Konklav — başlayacaq. Hazırkı Kardinallar Məclisinin dekani Covanni Battista Re 80 yaşdan aşağı olan kardinalları Roma-Vatikana dəvət edəcək. Seçimlər ciddi məxfilik şəraitində keçiriləcək.
Vatikanın aprel ayında yenilənmiş məlumatına görə, hazırda 136 kardinal səsvermə hüququna malikdir. Bu rəqəm Papa Fransiskin dövründə artıb.
Qaydalara əsasən, kardinal namizədlərdən biri üçdə iki çoxluğu qazandıqda və bu vəzifəni qəbul etdiyini bəyan etdikdə, o, Katolik dünyasının yeni Papası elan olunur.