"Birləşmiş Ştatlar hazırda Rusiya və Ukrayna arasında mümkün qədər tez bir zamanda atəşkəs əldə etmək istəyir. Çünki bu mərhələdə ABŞ-ın əsas siyasi prioriteti Çinlə mübarizə aparmaqdır.
İkinci məsələ isə budur ki, danışıqlar nə qədər sürətlə getsə də və atəşkəs imzalansa da, bu, münaqişənin tam həlli demək deyil. Çünki bildiyiniz kimi, atəşkəs daha çox “donmuş münaqişə” prinsipi üzərində qurulur. Bu halda isə Ukraynanın suverenliyi, ərazi bütövlüyü pozulmuş olur.
Digər vacib məqam ondan ibarətdir ki, ABŞ vasitəçilik missiyasından çəkilmək istəmir. Əksinə, bu prosesdə əsas vasitəçi kimi öz mövqeyini qoruyub saxlamaqda maraqlıdır.
Bunu da qeyd etmək lazımdır ki, dünən Ukraynada mövcud olan mineral ehtiyatlarla bağlı bir razılaşma imzalandı. Bu razılaşmaya əsasən, Ukraynada xüsusi bir fond yaradılacaq və həmin mineral resurslardan əldə edilən gəlirlər bu fonda toplanacaq. Ancaq ABŞ-ın imzası olmadan Ukrayna həmin fondan vəsait istifadə edə bilməyəcək.
Başqa bir məsələ isə Rusiya ilə bağlıdır. Belə görünür ki, Rusiya mayın 9-da Qələbə paradı keçirməyi və xarici dövlət başçılarını bu tədbirə dəvət etməyi planlaşdırır. Ona görə də, aprelin sonlarına yaxın bu məsələlər daha da sürətlənib.
Hazırkı vəziyyəti 50/50 kimi qiymətləndirmək olar, çünki hər iki tərəf bu müharibədən yorulub və sülhə can atır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hələ də bəzi ABŞ rəsmiləri münaqişənin davam etməsində maraqlıdır və bu istiqamətdə planlar qururlar."
Politoloq Rüstəm Tağızadə