"ABŞ və İsrailin Yaxın Şərq siyasətində, xüsusilə İran məsələsində maraqları böyük ölçüdə üst-üstə düşür".
Bu fikri politoloq Anar Əliyev News365.az-a açıqlamasında səsləndirib.

Ekspert hesab edir ki, İranla hərtərəfli sülh sazişinin imzalanması hazırkı mərhələdə ABŞ üçün arzuolunan variant deyil:
“İranla hərtərəfli və tam sülh müqaviləsinin imzalanması ABŞ-nin maraqlarına tam uyğun gəlmir. Çünki belə bir saziş İranın iqtisadi imkanlarını genişləndirə, onun beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirə bilər. Bu isə sanksiyaların və iqtisadi məhdudiyyətlərin təsirinin azalması, nəticədə İranın iqtisadi və siyasi baxımdan daha da güclənməsi deməkdir”.
Politoloqun sözlərinə görə, İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı mövqeyi də əvvəlki təsir imkanlarını əks etdirmir:
“İran zaman-zaman Hörmüz boğazı ilə bağlı sərt bəyanatlar verir. Lakin reallıq ondan ibarətdir ki, bu marşrut daha çox beynəlxalq ticarətin və digər ölkələrin maraqlarına xidmət edir. İranın özünün iqtisadi fəaliyyətində mövcud məhdudiyyətlər fonunda bu məsələdən təsir aləti kimi istifadə imkanları da əvvəlki qədər geniş deyil”.
Anar Əliyev bildirib ki, ABŞ və İsrail arasında müəyyən fikir ayrılıqları olsa da, bu, əsasən Livan və regionun gələcəyi ilə bağlı yanaşmalarda özünü göstərir:
“İsrailin Livanla bağlı planları və təhlükəsizlik yanaşmaları daha geniş xarakter daşıyır. ABŞ isə bəzi hallarda bu planların həyata keçirilməsinin öz regional maraqlarına təsir göstərə biləcəyini düşünür. Xüsusilə də Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi Vaşinqton üçün həssas məsələdir”.
Ekspert qeyd edib ki, İsrailin regionla bağlı uzunmüddətli strateji hədəfləri barədə müxtəlif iddialar mövcuddur və bu məsələlər Vaşinqtonun bəzi narahatlıqlarına səbəb olur:
“ABŞ müəyyən istiqamətlərdə İsrailə təsir göstərməyə və onu daha ehtiyatlı davranmağa təşviq etməyə çalışır. Bununla belə, İran və Yaxın Şərqlə bağlı əsas məsələlərdə Vaşinqtonla Təl-Əvivin maraqları, demək olar ki, tam şəkildə üst-üstə düşür”.