Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasını bir aydan az müddətdə - Pasxa bayramına, aprelin 20-nə qədər əldə etməyi hədəfləyir. Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb. Eyni zamanda, mənbələrin məlumatına görə, iki tərəfin mövqeləri arasında böyük uçurum olduğu üçün razılaşmaya dair son tarixlər dəyişdirilə bilər.
Rusiya istənilən razılaşmaya, o cümlədən Ukraynaya silah tədarükünün dayandırılmasına dair maksimalist tələblər irəli sürüb. Kiyev və onun müttəfiqləri isə bunu rədd ediblər. Eyni zamanda, mənbələr qeyd edir ki, Ağ Ev hələlik atəşkəs razılaşması üzərində iş çərçivəsində hər hansı məhdudiyyətə razılıq verməyib.
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin konkret və çox sürətli danışıqlara hazır olduğunu bildirib. "Bloomberg" xatırladıb ki, o, müdafiə nazirini və prezidentin iki yüksək səviyyəli köməkçisini Səudiyyə Ərəbistanına göndərib və məhdud atəşkəslə əhatə olunacaq hədəflərin siyahısını tərtib etməyə ümid edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural